Ramiz Məmmədov: O, mənim “silah”larımdan biridir
09.03.2013 - 17:38
Ramiz Məmmədov: O, mənim “silah”larımdan biridir
“Mən oyundan da əvvəl demişdim ki, “Qarabağ” bizimlə oyuna 1 top üstünlüyü ilə çıxacaq. Buna görə də komandam bu oyunda daha istəkli görünürdü. Futbolçularımın hər birinin əməyini qiymətləndirirəm”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib. Tarixində 8-ci dəfə ölkə kubokunda mübarizə aparan “Qəbələ”nin yarımfinala yolunu ötən mövsüm olduğu kimi yenə “Qarabağ” kəsdi. Yarımfinala vəsiqə qazana bilməmələrinə baxmayaraq, Məmmədov futbolçularının oyunundan razı qalıb.

O, xüsusilə komandaya qış fasiləsində transfer olunan Ceyhun Sultanovun rolunu qeyd edib: “Fikir verdinizsə, “Qarabağ”la oyunda rəqibin sol cinahdan qurduğu əksər hücumları demək olar ki, zərərsizləşdirə bildik. Bunu Ceyhun Sultanova baş məşqçi tərəfindən verilən tapşırıqları tam yerinə yetirməsi ilə izah edərdim. Həmin zonanı tamamilə “bağlayan” Sultanov eyni zamanda sag cinahda çıxış edən müdafiəçimiz Ürfan Abbasovun da öz mövqeyində daha effektli oynamasına yardımçı oldu. Məhz Ceyhunun sayəsində digər dayaq yarımmüdafiəçimız Amit Quluzadənin mərkəzdə sərbəst oynamasına şərait yaranmışdı. Mərkəz xətti yaxınlığında belə uğurlu oyun “Qəbələ” futbolçularının irəlidə inamlı təsir bağışlamasını şərtləndirirdi. Nəticədə komandam ikinci hissədə təşəbbüsü tam ələ almışdı. Heyf ki, istədiyimiz nəticəni qazana bilmədik”.

Məmmədov Ceyhunla birgə oynamasını da xatırladıb. O, Ceyhunu çoxdan tanıdığını bildirib: “Sultanovla Bakının “Dinamo” klubunda birgə oynamışıq. O özünü təsdiqləmiş futbolçudur. Pleymeyker funksiyasını yerinə yetirən Ceyhunun ötürmə vermək qabiliyyəti güclüdür. Əminlik hissi ilə deyirəm ki, Ceyhun çox yaxın zamanlarda mənim tanıdığım səviyyədə çıxış edəcək. Onu transfer edəndə də, inanırdım ki, Sultanovun xidmətindən bəhrələnə biləcəyik”.

Bu arada “Qəbələ”nin seneqallı hücumçusu Viktor Mendi saytımıza müsahibəsində 3 həftə oynaya bilməyəcəyini, qabırğasından zədəli olduğunu bildirib. Məmmədov “Qarabağ”la oyunun ikinci hissəsində onu meydana buraxmasına belə aydınlıq gətirib: “Bilirsiz ki, Mendi çox təcrübəli futbolçudur və mənim “silah”larımdan biridir. Seneqallı futbolçu zədəli olsa da, oynamaq gücündə idi. Belədə onu meydana buraxdım. O, tapşırıqlarımı yerinə yetirmək üçün var gücü ilə mübarizə apardı. Amma ruhdan düşmürük. Artıq bir cəbhədə - Premyer Liqada mübarizəmizi davam etdirib avrokuboklara vəsiqə uğrunda mücadilə edəcəyik”.