“Qalatasaray” yenə “Real”la düşdü
15.03.2013 - 15:16
“Qalatasaray” yenə “Real”la düşdü
Bu gün UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, püşk Türkiyə təmsilçisi “Qalatasaray”ın qarşısına dünyanın ən güclü komandalarından birini çıxarıb.

Belə ki, “Com Bom” turnirin qalibi olmağa əsas namizədlərdən sayılan “Real”a rəqib olub. Püşkə əsasən “Qalatasaray” ilk oyunu səfərdə keçirəcək.

Maraqlıdır ki, İstanbul təmsilçisi sonuncu dəfə də 1/4 finalda məhz “Real”la düşmüşdü. 12 il öncə Mirça Luçesku “Qalatasaray”ın baş məşqçisi olanda evdə madridlilərə 3:2 hesabı ilə qalib gələn “sarı-qırmızılılar” səfərdə uduzmuşdu – 0:3.

“Real”ın əzəli rəqibi “Barselona”ya isə münasib rəqib düşüb. Hər halda, Kataloniya təmsilçisi PSJ-dən aşkar güclü sayılır. Paris klubunun əsas hücumçusu Zlatan İbrahimoviçin vaxtilə “Barsa”da oynamağı mübarizəyə əlavə rəng qatır. Düzdür, isveçli futbolçu 1 oyunluq cəzası qaldığından, ilk oyunu buraxmalı olacaq və Barselonadakı cavab matçında meydana çıxa biləcək.

Qeyd edək ki, bu ildən yarımfinalın püşkü 1/4 finalda bir yox, apreldə atılacaq. 1/4 final mərhələsinin oyunları həmin ayda – 2-3-də və 9-10-da keçiriləcək.


“Malaqa” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)
“Real” (İspaniya) - “Qalatasaray” (Türkiyə)
PSJ (Fransa) - “Barselona” (İspaniya)
“Bavariya” (Almaniya) - “Yuventus” (İtaliya)