“Futbolçu elə qolu ömründə bir dəfə vurur” - MÜSAHİBƏ
15.03.2013 - 10:52
“Futbolçu elə qolu ömründə bir dəfə vurur” - MÜSAHİBƏ
“İnter” klubunun müdafiəçisi Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının final mərhələsinə qələbə ilə başladınız. “Qəbələ”ni yenmək çətin olmadı?
- Rəqibi yaxşı analiz etmişdik. Baş məşqçi “Qəbələ”nin zəif və güclü tərəflərini bizə təhlil etmişdi. Əlbəttə, final mərhələsində asan oyun olmur. “Altılığ”a düşən komandaların hamısı iddialıdır. Şükürlər olsun ki, qələbə qazandıq.

- “Qəbələ”nin zəif cəhətləri hansılar idi?
- Cinah müdafiəçiləri zəif idi. Biz də bundan istifadə etdik.

- Rəqibin müdafiəsində problemlərin olduğunu hər kəs bilir. Onların əsas gücü hücum xəttindədir. Bu baxımdan hansısa problemlə üzləşmədiniz?
- Razıyam, “Qəbələ”nin hücum xəttinin güclü olduğunu bütün komandalar bilir. Buna görə də ehtiyatı əldən vermədik. Hər an təhlükə yaradacaqlarını gözləyirdik. Çalışdıq ki, müdafiədə səhvsiz oynayaq. Onların ciddi təhlükə yaratdıqlarını deyə bilmərəm. Əsasən standart vəziyyətlərdən və uzaqdan zərbələrlə qol vurmaq istəyirdilər.

- İkinci hissədə niyə müdafiəyə çəkildiniz?
- Fasiləyə qədər rəqib qapısından iki top keçirmişdik və hesabda irəlidə idik. Üstəlik, küləyə qarşı oynayacağımızı bilirdik. Onların uzun ötürmələrlə qapımıza yaxınlaşacaqlarını gözləyirdik. Ona görə də müdafiəyə meylli oynadıq. Baş məşqçi də beşinci müdafiəçini buraxdı. Fikrimcə, geri çəkilmək əvəzinə hücum etməli idik. Qapımızdan buraxdığımız qol da kuryoz alındı.

- “Neftçi”nin “Bakı” ilə görüşdə xal itirməsi oyuna motivasiya olmağınıza əsir etdimi?
- “Neftçi” heç-heçə oynadı, “Qarabağ” isə məğlub oldu. Əslində, “Bakı” uda da bilərdi. Amma penaltini vura bilmədilər. Fərqi azaltmaq üçün şans yaranmışdı. Bundan maksimum istifadə etdik. İndi “Neftçi”ni Şəfa”da qəbul edəcəyik. Çalışacağıq ki, liderliyi yenidən geri qaytaraq.

- “İnter” qış fasiləsindən sonra nümayiş etdirdiyi futbola görə tənqid edilir. Son 3 oyundakı zəif çıxış nə ilə bağlıdır?
- Qış fasiləsindən sonra səfərdə “Xəzər Lənkəran”ı, Bakıda isə “Qəbələ”ni məğlub etdik. Yalnız “Neftçi”yə uduzmuşduq. Etiraf edim ki, həmin yenilgidən sonra ruh düşkünlüyü də yaranmışdı. Bu eniş hər bir komandada yarana bilər. Futbolçu insandır. Hər oyunu müxtəlif cür keçirir. Əsas odur ki, çempion olmaq şansımız var.

- Kubokla vidalaşmağınız komandaya necə təsir etdi?
- Təbii ki, üzüldük. Səfərdən sərfəli nəticə ilə dönsək də, “Şəfa”da onları məğlub edə bilmədik. Rəqib 2 kuryoz qol vurdu. Futbolçu elə qolu ömründə bir dəfə vurur. Baş məşqçimiz bizi çempionata köklədi. Həmin oyunu unutmağımızı, mübarizəni davam etdirməyi tapşırdı.

- “Xəzər Lənkəran”sız “altılıq” necə görünür?
- Onların ilk “altılıq”dan kənarda qalması pis oldu. “Xəzər Lənkəran” həqiqətən də çempionata rəng qatan komandadır. Həmişə iddialı olublar. Bu dəfə həm bəxtləri gətirmədi, həm də şanslarından tam istifadə edə bilmədilər. Bu cür komandanın kənarda qalması yaxşı hal deyil.