“Qaradağ Lökbatan”: Bəlkə də Premyer Liqada oynadıq...
15.03.2013 - 17:17
“Qaradağ Lökbatan”: Bəlkə də Premyer Liqada oynadıq...
“İcraiyyə Komitəsinin çıxardığı qərarlardan xəbərimiz var. Bizim də borcumuz bu qərarlara hörmətlə yanaşmaqdır. Ola bilsin bizim bilmədiyimiz hansısa məqam var. AFFA və PFL rəhbərliyi də məhz bunu bildiyindən belə qərar verib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Adil Mahmudov deyib.

I divizionda ötən mövsümün çempionu, cari birinciliyin liderinin çalışdırıcısı bu il də Premyer Liqaya vəsiqənin əldə olunmayacağına münasibət bildirib.

Mahmudov AFFA-nın İcraiyyə Komitəsinin Topaz Premyer Liqasının formatı ilə bağlı bu gün çıxardığı qərarın futbolçularda ruh düşkünlüyü yaratdığını bildirib: “Bizim işimiz futbol oynamaqdır. Qarşımıza çempionluq vəzifəsi qoyulub və bunun öhdəsindən gəlmək üçün mövsümün sonunadək mübarizə aparacağıq. Düzdür, bu qərar futbolçulara müəyyən qədər psixoloji təsir göstərir. Onlar mənə zəng vurur, Premyer Liqaya çıxıb-çıxmamağımızla maraqlanırlar. Biz peşəkarıq və qərarlardan asılı olmayaraq işimizi görüb çempionluq üçün oynayacağıq”.

Lakin Mahmudov mövsümün sonunadək bu qərarın dəyişəcəyinə ümidini itirmir: “Mövsümün sonuna hələ çox var. O vaxtadək 1000 qərar çıxa bilər. Biz də bunların hamısına hörmətlə yanaşacağıq. Biz çempion olmalıyıq. Bundan sonra bəlkə də Premyer Liqada oynamağımız mümkün oldu. Klub prezidenti Tahir Mustafayevlə danışmışam. O da ruhdan düşməməyi, sonadək mübarizə aparıb çempion olmağımızı istəyir. Hətta dedi ki, “siz I yeri turun, mən məsələni həll edəcəyəm və Premyer Liqada çıxış edəcəksiniz”. PFL prezidenti Ramin Musayev elə adamdı ki, kiminsə əziyyətinin itməsinə razı olmaz. Elə AFFA prezidenti Rövnəq Abdullayev də futbolumuzun inkişafına bu qədər xidmət göstərib. Ümid edirəm ki, onlar çempion olduqdan sonra “Qaradağ Lökbatan”ın Premyer Liqada oynamasına şərait yaradacaqlar”.

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən cari mövsümdə Topaz Premyer Liqasını 2 klub tərk edəcək, I diviziondan heç biri onları əvəz etməyəcək.