Portuqaliya önünə seriyalarla
24.03.2013 - 12:46
Portuqaliya önünə seriyalarla
İki gündən sonra Azərbaycan millisi növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Portuqaliya yığması ilə keçiriləcək DÇ-2014-ün seçmə oyunu millimizin tarixində 195-ci qarşılaşma olacaq.

1992-ci ildən başlayan 21 illik tarixində 194 oyuna çıxan komandamız bu görüşlərdə 35 qələbə qazanıbsa, 50 heç-heçə edib və 109 dəfə meydanı məğlub tərk edib. Ardıcıl 4 oyundur uduzmayan yığmamız Portuqaliyaya da yenilməyəcəyi halda bu seriyanı 5-ə çatdıracaq. Belə ki, ötən il oktyabrın 16-da Moskvada Rusiyaya 0:1 hesabı ilə uduzan yığmamız ondan sonra məğlub olmur. Ötən il noyabrın 14-də Belfastda Şinali İrlandiya ilə heç-heçə (1:1) millimiz 2013-cü ildə də uduzmayıb. Fevralın 1-də Özbəkistanla qolsuz heç-heçə edən millimiz 5 gün sonra Lixtenşteyni 1:0 hesabı ilə yendi. Bu 2 matçı BƏƏ-də keçirən Berti Foqtsun yetirmələri 2 gün əvvəl Lüksemburqda qolsuz heç-heçə etdi. 161 gündən sonra da məğlubiyyətsizliyini davam etdirməyə çalışacaq komandamız həm də quru seriyası ilə diqqət çəkir. Belfastdakı oyundan sonra 2013-cü ildə keçirdiyi 3 matçda top buraxmayan yığmamız sonuncu dəfə 130 fün əvvəl qapısında qol görüb.

Yığmamız indiyədək 135 dəfə fərqlənərək öz qapısında 338 qol görüb.

Qarşılaşma yığmamızın dünya və Avropa çempionatlarının seçmə mərhələlərinsə 94-cü oyun olacaq. Bu matçlarda 8 qələbəsi və 16 heç-heçəsi olan millimiz 69 dəfə uduzub. Hesabında 24 məğlubiyyətsiz olan komandamız sayca 25-ci yubiley matçında xal qazanmağa çalışacaq. Rəqib qapısına 43 dəfə yol tapan futbolçularımız 209-nu buraxıb.

DÇ seçmə mərhələlərində isə 44-cü oyun ərəfəsində komandamızın 3 qələbəsi və 10 heç-heçəsi var. 30 dəfə məğlub olduğumuz qarşılaşmalarda 14 top vuran millimiz qapısında 80-ni görüb.

Bakıdakı görüş Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun bu postda 56-cı oyunu olacaq. Almaniyalı mütəxəssis 2008-ci ilin martından indiyədək 12 qələbəyə sevinib, 16 heç-heçə görüb və 27 dəfə yetirmələrinin üzüntüsünə şərik olub. Bu matçlarda yığmamız 43 qolun sevincini yaşayıbsa, 80 dəfə qapıçımız topu tordan çıxarıb.

Foqtsun yetirmələri 26-cı seçmə oyununa çıxacaq. Buna qədər baş tutan 25 qarşılaşmada 3 qələbəsi olan yığmamız 6 dəfə heç-heçə edib və 16 matçda məğlub olub. Portuqaliyadan alınacaq xal sayəsində Foqtsun seçmə mərhələlərdə üzülmədiyi 10-cu matç olacaq. Bu oyunlarda top fərqi 16:46-dır.