“Qırmızılar”a qarşı uğursuz gündə
24.03.2013 - 14:10
“Qırmızılar”a qarşı uğursuz gündə
Azərbaycan milli komandası növbəti oyununu 2 gündən sonra keçirəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin Portuqaliyaya qarşı baş tutacaq oyunu millimiz üçün uğursuz tarixdə baş tutacaq. Belə ki, görüşün baş tutacağı martın 26-sı yığmamız üçün uğursuz - “qara” gün sayılır.

Portuqaliya ilə oyun bu tarixdə keçirəcəyimiz 4-cü oyun olacaq. İlk matçdakı rəqibimiz də elə “qırmızılar”ın özü olub. Həmin vaxt Luiş Fiqu və komanda yoldaşları millimizi Gimaraynş şəhərində qonaq etmişdi. Yığmamız Portuqaliyada 7 cavabsız qol buraxmaqla əsl futbol faciəsi yaşamışdı.

14 il əvvəlki heyət üzvləri indi komandamızda olmasa da. Hazırki futbolçularımız arasında 2005-ci il martın 26-da baş verənləri yaşayanlar az deyil. Həmin gün millimiz Varşavada Polşanın qonağı idi. 8 cavabsız qola üzülən futbolçularımız Gimaraynşda yaşananlara şükür edə bilərdi.

Martın 26-dakı son oyunumuz isə 2008-ci ildə Vilnüsdə keçirilib. Həmin matç Berti Foqtsun işə başlaması ərəfəsində son oyun idi. Litva yığması həmin gündə də qalib gəldi – 1:0.

Bir sözlə, martın 26-dakı 3 matçda 3 məğlubiyyət alan yığmamız bunların ikisində darmadağın görüb. Hələ qol vura bilməyən futbolçularımız öz qapısından 16 top buraxıb. Lakin bir məqam da var ki, hər 3 matç səfərdə baş tutub. Bu dəfə isə Portuqaliya ilə Bakıda qarşılaşacağıq.