Bakıda 2 qol, səfərdə darmadağın
24.03.2013 - 16:01
Bakıda 2 qol, səfərdə darmadağın
Martın 26-da Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsində 2-ci ev oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, İsraillə ev oyununda uduzmayan Berti Foqtsun yetirmələri bu dəfə Portuqaliya yığmasını qonaq edəcək. Bu matç komandalar arasında 6-cı duel olacaq.

Əvvəlki 5 matç pireneylilərin aşkar üstünlüyündən xəbər verir. 4 qələbə qazanan “qırmızılar” cəmi 1 dəfə yığmamıza 1 xalın sevincini yaşadıb. Elə top fərqində də Portuqaliya millisinin səviyyəsi aşkar görünür. Onlar millimizin 1 qoluna 16 topla cavab veriblər.

Bu görüşlərdə maraqlı tendensiya müşayiət olunub. Bakıdakı oyunlarda qapılara 2 qol vurulub. Portuqaliyadakı qarşılaşmalarda isə meydan sahibləri darmadağına sevinib.

Rəqiblərin tanışlığı 1999-cu ildə gerçəkləşib. Futbol tariximizə Gimaraynş faciəsi kimi düşən həmin matçda Portuqaliya yığması Dmitri Kramarenkonu meydana çıxmağa peşman edib. Təcrübəli qapıçımız 90 dəqiqədə 7 qola üzülüb. Həmin görüşdə Luiş Fiqu və komandası 7:0 hesabı ilə qalib gəlib. Sa Pintu 28-ci, Joao Pintu 37-ci dəqiqədəki qollarla matçın taleyini ilk yarıda həll edib. Fasilədən sonra Paulo Madeyra 68, Joao Pintu 71-ci, Serjio Konseysao 75-ci dəqiqədə hesabı darmadağın həddinə çatdırıb. Portuqaliyalıların bombardiri Pauleta isə 3 dəqiqəyə dubl edərək Əhməd Ələsgərovun yetirmələrinə biabırçı məğlubiyyət yaşadıb. O, 82-ci və 84-cü dəqiqələrdə fərqlənib. Bu məğlubiyyətdə 66-cı dəqiqədə Rasim Abışovun meydandan qovulmasından sonra yığmamızın azlıqda qalmasının da rolu az olmamışdı.

Təxminən yarım il sonra Bakıda baş tutan oyunda isə millimiz rəqibini büdrədə bildi. Həmin vaxt Ələsgərovun yetirmələri rəqibi ilə 2 gün dalbadal oynadı. İlk gündə matçın gedişində işıqlar söndüyündən ertəsi gün komandalar yenidən meydana çıxdı. Vurduğu qolla “Qızıl oğlan” ləqəbi alan Zaur Tağızadə 51-ci dəqiqədə hesabı açmışdı. 84-cü dəqiqədə meydandan qovulan gənc istedad komandamızı azlıqda da qoydu. Lakin qonaqlar yalnız son saniyələrdə Luiş Fiqunun qolu ilə məğlubiyyətdən qaçmağı bacardı. Həmin matça start heyətində çıxanlar arasında Portuqaliya yığmasının indiki baş məşqçisi Paulu Bentu da var idi. O, 14 ildən sonra Respublika stadionuna baş məşqçi kimi çıxacaq.

Növbəti 2 oyun isə Şahin Diniyevin millidə çalışdığı dövrə təsadüf etdi. Təxminən 6 il yarım əvvəl Kriştianu Ronaldo və yoldaşları millimizi səfərdən başıaşağı yola saldı. Ronaldo 25-ci və 63-cü, Rikardo Karvalyo isə 30-cu dəqiqədə qol sevinci yaşadı. Bir il sonra bakıdakı qarşılaşmada isə Brunu Alveş 12-ci, Uqo Almeyda 45-ci dəqiqədə millimizi məyus etdi. Həmin görüş də 8 il əvvəl Bakıda olduğu kimi 2 qolla bitdi. Lakin bu dəfə hər 2 qol qonaqlardan gəldi. Yığmamız 2-ci ev oyununu da azlıqda bitirdi. Bu dəfə Ronaldoya dirsək zərbəsi vuran Aslan Kərimov yoldaşlarını azlıqda qoydu.

Nəhayət komandaların son dueli ötən payızda keçirildi. Meydan sahibləri yenə komandamızı 3 qolla keçdi. Varela 65-cü, Elder Poştiqa 85-ci dəqiqədə 2 qol vuraraq matçın taleyini həll etdi. 88-ci dəqiqədə isə Brunu Alveş yığmamızla oyunlarda ardıcıl 2-ci dəfə meydanı qolsuz tərk etmədi.

Avro-2000-in seçmə mərhələsi
26.03.1999. Portuqaliya – Azərbaycan – 7:0
04.09.1999. Azərbaycan – Portuqaliya – 1:1
Avro-2008-in seçmə mərhələsi
07.10.2006. Portuqaliya – Azərbaycan – 3:0
13.10.2007 Azərbaycan – Portuqaliya – 0:2
DÇ-2014-ün seçmə mərhələsi
11.09.2012. Portuqaliya – Azərbaycan – 3:0