“Rəvan”da 2 yeni futbolçu - FOTOSESSİYA
25.03.2013 - 16:35
“Rəvan”da 2 yeni futbolçu - FOTOSESSİYA
"Rəvan” bu gündən Topaz Premyer Liqasının XXIV turu çərçivəsində "Turan”a qarşı keçiriləcək oyunun hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, komanda şənbə günü "Bakı” ilə yoxlama oyunu keçirdiyindən dünən futbolçulara istirahət verilmişdi.

Bu gün isə "Rəvan”ın baş məşqçisi Ramil Əliyevin rəhbərliyi altında məşqlər bərpa olunub. "Bayıl Arena”da baş tutan məşq prosesi ənənəvi isinmə hərəkətləri ilə başlayıb. Ardından bir qədər fiziki çalışmalara vaxt ayrılıb.

Əsas diqqət isə toplu çalışmalarla bağlı olub. Baş məşqçinin tapşırığı əsasında futbolçular həm bir toxunuşlu ötürmələr üzərində işləyib, həm də "kvadrat” oynayıb. Hazırlığın sonunda qapıya zərbələrə daha çox diqqət ayrılıb.

Qeyd edək ki, baş məşqçi Ramil Əliyev düşərgəyə əvəzedicilərdən ibarət komandanın üzvlərini də cəlb edib. İndi qapıçı Sadiq Ramazanov və müdafiəçi Cəmil Rəhimli daha təcrübəli komanda yoldaşları ilə birgə hazırlıq keçir.