“Azərbaycan istənilən güclü komandaya texniki cəhətdən başağrı ola bilər”
25.03.2013 - 17:58
“Azərbaycan istənilən güclü komandaya texniki cəhətdən başağrı ola bilər”
“Biz İspaniyada əla hazırlıq keçdik. Orda bizim üçün ideal şərait vardı. Azərbaycan yığmasının üslubunda oynayan komandalara qarşı yaxşı oyunlar keçirdik. Bu bizə Azərbaycanla matçda köməklik edəcək. Ən əsası odur ki, biz İspaniyada qapımızdan 1 top belə buraxmadıq”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Slovakiya millisinin baş məşqçisi Yan Yanik deyib.

Yanikin sözlərinə görə, rəqiblərlə görüşlərdə evdə oynamalarından maksimum yararlanmalıdırlar: “Biz meydan sahibi olduğumuz üçün rəqiblərə yerli şəraitə uyğunlaşmağa, özlərini evdəki kimi hiss etməyə imkan verməməliyik. Düzdür, biz uzun müddətli hazırlıq keçməmişik. Bilirəm ki, bu mümkünsüzdür, ancaq müsbət notlara köklənmişik”.

Daha sonra Yanik slovakiyalı jurnalistlərə milli komandamızın oyun üslubundan danışıb: “Ən əsas məsələ rəqiblərimizin təhlükəli komandalar olduğunu bilmək lazımdır. Azərbaycan Braziliya məktəbinə üstünlük verir. Bu ölkədən bir neçə milliləşdirilmiş oyunçuları və baş məşqçiləri var. Azərbaycanın balanslaşdırılmış heyəti var. İstənilən güclü komandaya texniki cəhətdən başağrı ola bilər. Bosniya və Herseqovina təkbətək mübarizələrdə yaxşı olan komandadır. Norveçlilər isə güc futzalına üstünlük verir”.

Qeyd edək ki, Avropa çempionatının əsas seçmə mərhələsinin oyunları martın 27-dən 30-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.