“Xəzər Lənkəran” Arşavinə təklif göndərməyib!
28.03.2013 - 13:13
“Xəzər Lənkəran” Arşavinə təklif göndərməyib!
“Xəzər Lənkəran”ın baş məşqçi “sükanı arxası”na “Liverpulun”un canlı əfsanəsi və Madrid “Real”ının sabiq çalışdırıcısı Con Toşakın gətirilməsi Böyük Britaniya mətbuatında da maraq doğurub. Apasport.az saytının məlumatına görə, İngiltərə və Uels nəşrləri bu baxımdan “ağ-yaşıllar”ı diqqət mərkəzində saxlayırlar.

“Metro” qəzetinin əməkdaşı Ceymi Sanderson maraqlı iddia ilə çıxış edib. “Andrey Arşavinə “Arsenal”dan çıxmaq üçün Azərbaycanın “Xəzər Lənkəran” klubu təklif olundu” başlıqlı yazıda Toşakın transfer siyahısında rusiyalı oyunçunun 1-ci sırada olduğu iddia olunub.

Müqaviləsi “Arsenal”la yayda başa çatacaq Arşavinin “Xəzər Lənkəran”la 2 illik müqavilə bağlayacağı və həftəyə 100 min funt sterlinq alacağı qeyd olunub. Ancaq 31 yaşlı futbolçunun Londonda qalmaq istədiyi, bunun üçün “Fulhem”in təklifinə isti yanaşdığı da bildirilir.

Yazıda ən maraqlı məqam isə ondan ibarətdir ki, “Xəzər Lənkəran”ın artıq Arşavinə rəsmən müraciət etdiyi qeyd olunur. Belə ki, Sandersonun iddiasına görə, klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev futbolçuya müraciət etdiklərini təsdiqləyib. Ancaq “topçular”a məxsus olan oyunçu hələ lənkəranlıların təklifinə cavab verməyib.

Klubdan isə apasport.az saytına verilən açıqlamada ingilislərin iddiasının yanlış olduğu və Arşavinə hansısa təklif göndərilmədiyi bildirilib.