“Qalatasaray”ın və “Kasımpaşa”nın stadionunda təcrübə keçdik”
29.03.2013 - 16:55
“Qalatasaray”ın və “Kasımpaşa”nın stadionunda təcrübə keçdik”
Futbol və digər idman növləri qədər əməkdaşlarının ölkə xaricində təkmilləşməsinə də xüsusi diqqət ayıran “Qəbələ” FK-nın meydançalar və ot üzrə mütəxəssisləri – Orxan Yunusov və Ruslan Abdullayev bu yaxınlarda İstanbulda təcrübədə olub. “Türk Telekom Arena” və Rəcəp Tayyip Ərdoğan adına Kasımpaşa stadionunun ot örtükləri ilə bağlı praktiki məşğələlərdə iştirak edən bu 2 şəxs qazandıqları təcrübənin həm onların gələcək karyerasında, həm də “Qəbələ” meydançalarının daim ideal vəziyyətdə olmasında önəmli rol oynayacağını vurğulayıb.

Orxan Yunusov “Qəbələ”nin rəsmi saytına açıqlamasında səfərin təfərrüatları barədə danışıb: “Biz qardaş ölkəyə daha öncə “Qəbələ” FK-da çalışmış, hazırda İstanbulda fəaliyyət göstərən Filip Şarplesin dəvəti ilə yollandıq. “Qalatasaray”ın oyunlarını keçirdiyi “Türk Telekom Arena”da və Rəcəp Tayyip Ərdoğan adına Kasımpaşa stadionunda təcrübə keçdik. Səfər müddətində sözügedən stadionlarda istifadə edilən yeni texnikalar və onların fəaliyyət mexanizmi ilə tanış olduq. TT Arenada gün işıqlarını əvəz edən süni işıqlandırma qurğularının qoşulması qaydaları və bu qurğuların otun inkişafındakı müstəsna rolu barədə məlumatlar aldıq. Toxumun səpilməsindən sonra onun cücərməsini və inkişafını sürətləndirən xüsusi örtüklərin istifadəsini öyrəndik. Sonda mənə və Ruslana bu sənətin sirlərini öyrədən Filip Şarples yeni məhsullar barədə bizi məlumatlandırdı. Qazandığımız təcrübə gələcək karyeramızda mühüm rol oynayacaq və “Qəbələ”yə faydalı olacaq”.