Araz Abdullayevi də belə itirdik...
30.03.2013 - 14:26
Araz Abdullayevi də belə itirdik...
İnsanın ölümü yaxınlaşarkən rəngi açılır, gözəlləşir. Bəlkə də fani dünyadan getdiyini duyub bayram əhvalına qərq olur. Bu açılmayan bir sirdi, amma dəqiqdi.

Srağagün şok bir xəbərlə sarsıldıq. "Neftçi"nin futbolçusu Araz Abdullayevin klubun bazasına gedərkən avtomobil qəzası törətməsi qanımızı qaraltdı. Onun vurduğu iki süpürgəçidən birinin hadisə yerindəcə dünyasını dəyişməsi isə lap pis oldu.

Belə baxanda adi hadisədi. Hər həftə onlarca oxşar olaya şahid oluruq. Ona qalsa, eyni gündə Gəncə yolunda iki yük maşınının toqquşması daha faciəvi idi. Qəza o qədər acınacaqlı alınmışdı ki, hətta bir nəfərin başı bədənindən ayrılmışdı. Düzdü, ölüm hadisəsi istənilən halda, necə və hansı şəraitdə baş verməsindən asılı olmayaraq acınacaqlıdı. Ancaq hadisənin iştirakçıları arasında tanınan birisi olanda bu, böyük səs-küyə səbəb olur.

Araz Abdullayev adı futbolumuzla ciddi maraqlanmayanlar nəyisə ifadə etməsə də, onun məhz "Neftçi"nin futbolçusu olması reaksiyaların çoxrəngli olmasına kifayət etdi. Bəziləri futbolçunu qudurğanlıqda, bir qism insan da südəmər uşağın belə bahalı maşınla avtoşluq etməkdə suçladı. Bəlkə də deyilənlərdə müəyyən həqiqət var, hadisənin Nobel prospektində baş verməsi, futbolçunun AFFA-nın binası qarşısında təmizlik işləri aparan 2 süpürgəçini vurması isə bəlkə də taleyin istehzasıdı. Ola bilər məkan həm də kimlərəsə nəyisə işarə etmək üçün nümunədi.

Ancaq istənilən halda, olaya sırf bədbəxt hadisə prizmasından baxmaq lazımdı. Çünki hər birimiz həm ölənin, həm öldürənin yerində ola bilərdik. Bunda başqa məna axtarmaq yersizdi.

Bu xəbəri eşidəndə yadıma bir neçə il öncə millinin oyunçusu Fərrux İsmayılovun başına gələn hadisə düşdü. O zaman karyerasının gözəl çağlarını yaşayan hücumçu qəfil qəzaya düşdü, özü qədər istədiyi dostu İlhamın ölümüylə nəticələnən qəza keçirdi. Həmin hadisənin şoku Fərruxu da futbolçu kimi məhv etdi, karyerasında ciddi eniş yarandı və o topa daha əvvəlki istəklə toxuna bilmədi. Bugünə qədər də onun ürəyində həmin hadisə yara kimi qalıb. Çünki istəməyərəkdən ölümlə nəticələnən olayın iştirakçısı olmuşdu.

İndi Abdullayevin törətdiyi qəza ilə bağlı müxtəlif versiyalar irəli sürülür. İstintaq yekunlaşandan sonra hər şey bəlli olacaq, hələliksə bəziləri futbolçunun sürət həddini keçdiyini, bəziləri süpürgəçilərin qadağan olunmuş zonadan yolu keçdiyini deyir, hətta başqa bir maşının Arazı qəzaya səbəbkar olmağa təhrik etdiyini də söyləyən var. Sonuc birdi: istənilən halda ortada ölüm faktı var və Abdullayevin həbsi qaçılmazdı. Hətta onun xilası naminə müxtəlif bəhanələr tapılsa da, ümumiyyətlə, onun özünün günahkar olmadığı dəqiqləşsə də, bu psixoloji zərbə insan kimi Arazın taleyində ciddi rol oynayacaq.

Arazın futbola gəlişi gözüm önündə olub. İslam Kərimovun rəhbərliyi altında top oyununun sirlərini öyrənən bu uşaq bəlkə də hələ potensialını açmayıb, aça bilməyib, ancaq çox istedadlıdı. Onun "Everton", "Panionios" macəraları futbolçu kimi partlaması üçün şans idi, ancaq məsuliyyətsiz davranışları üzündən onun karyerasında ən yüksək həddi elə "Neftçi" oldu. Bəlkə də elə bu məsuliyyətsizliyi sonda belə hadisəylə nəticələndi.

Hazırda qəzayla bağlı cinayət işi açılıb. Abdullayev zaminə buraxılsa da, onun azadlığı müvəqqətidi. Bəlkə də günahsızlığı sübut olunacaq və o, dəmir barmaqlıqların arasına düşməyəcək. Bununla belə, bu hadisə onun psixoloji durumunu darmadağın etdi. İnanın ki, Araz daha istedadından bəhs etdiyimiz həmin oyunçu olmayacaq. Abdullayev son vaxtlar çox gözəl oynayır, "Neftçi"yə vacib qələbələr qazandırırdı. Ancaq deyəsən, bu gözəlləşmə onun futbolçu kimi sonunun çatmasının əlaməti imiş. Axı, deyirlər, insanın ölümü yaxınlaşarkən rəngi açılır, gözəlləşir...

"Sport Ekspress"
0