“Qəbələ”nin problemi hücum xəttində deyil" - MÜSAHİBƏ
31.03.2013 - 15:00
“Qəbələ”nin problemi hücum xəttində deyil" - MÜSAHİBƏ
“Qəbələ” klubunun futbolçusu Viktor Mendi Topaz Premyer Liqasının XXIV turunda "Qarabağ"a uduzduqları (0:1) qarşılaşmadan sonra apasport.az saytının suallarını cavablandırıb

- Görüşü necə dəyərləndirərdiniz?
- Çox pis oldu. Müdafiədən oynadıq, arxada qaldıq. “Qarabağ” bizdən yaxşı oynadı. Dəqiq ötürmələr edirdilər. Biz isə çox pis çıxış etdik.

- Pis oynamağınızın səbəbi nə idi? “Qəbələ”nin qələbə qazanması üçün nə çatmadı?
- Səbəbini izah edə bilmirəm. Ancaq yaxşı vəziyyətdə deyilik. Bunun nə vaxta qədər davam edəcəyi də məlum deyil.

- “Qarabağ”ın əksər üzvləri yığmanın düşərgəsindən gəldiyindən yorğun idilər. “Qəbələ”nin bundan yararlanacağını düşünmək olardı. Lakin meydanda bunun şahidi olmadıq...
- Onların oyunçularının yorğun olması mümkün idi. Lakin “Qarabağ” taktiki baxımdan daha yaxşı çıxış etdi. Biz isə sadəcə topun arxasınca qaçmalı olduq. Belə olan təqdirdə hansısa müsbət nəticə qazanmaq çox çətin idi.

- Final mərhələsi çərçivəsində keçirdiyiniz hər iki oyunda məğlub oldunuz. Mükafatçılar sırasına düşməyiniz real görünmür. “Qəbələ” üçün avrokubok sevdasının bitdiyini söyləmək olarmı?
- Əlbəttə, xal fərqi getdikcə artır. Ancaq futbolda hər şey ola bilər. Uduzduğumuz oyunları unutmalı, inamla irəli baxmalıyıq.

- Əksəriyyət “Qəbələ”nin hücum xəttinin güclü olmağından danışır. Deyəsən, artıq bu gücü itirirsiniz...
- Uğursuz nəticələrə görə günahkar hücum xəttində yer alan futbolçular deyil. Biz komanda şəklində mübarizə aparmalıyıq. Oturub bu haqda danışmalıyıq. Kimin günahkar olduğunu deyə bilmərəm.

- Növbəti oyunlarda komandanın motivasiyası nə olacaq?
- Bizim ayılmaq vaxtımız çatıb. Çünki biz irəli gedə biləcək komandayıq. Sadəcə buna inanmalıyıq.