Son günlərini yaşayan 3 qat çempion!
08.04.2013 - 16:17
Son günlərini yaşayan 3 qat çempion!
Topaz Premyer Liqasının bu həftə keçiriləcək görüşlərindən sonra aşağı dəstəyə düşəcək 2 komandadan biri müəyyənləşmək üzrədir. Apasport.az saytının məlumatına görə, XXVI turda qeydə alınacaq nəticələr son 6 oyundan asılı olmayaraq, “Kəpəz”i yüksək liqadan kənarda qoya bilər.

Gəncə təmsilçisinin aşağı dəstəyə yuvarlanması üçün 2 matçın nəticəsi rol oynayır. Bunlar aprelin 12-də baş tutacaq “Rəvan” – “Kəpəz” və 2 gün sonrakı “Sumqayıt” – AZAL görüşlərindən sonra gəncəlilər üçün hər şey bitə bilər.

Hazırda 10 xalı olan “Kəpəz” Premyer Liqada qalmaq imkanı verən 10-cu pillədəki “Sumqayıt”dan 18, 9-cu olan “Rəvan”dan 21 xal geri qalır. Qərb təmsilçisi bu dəfə də uduzarsa, aprelin 14-dəki matçın nəticəsindən asılı olmayaraq elitanı tərk edir.

Çünki bu halda, onlar bütün oyunları udub, ardıcıl məğlubiyyətlər alacaq “Sumqayıt”a çatsa belə, şəxsi oyunlarda geridə qalacaq. Çünki sumqayıtlılar rəqibindən artıq 7 xal alıb – evdə 2:1 və 1:0, səfərdə 0:0.

“Kəpəz” heç-heçə etsə də, aşağı dəstəyə istiqamət almış olacaq. Bunun üçün “Sumqayıt” AZAL-a yenilməməlidir. “Gənclik şəhəri” təmsilçisinin xal qazanması halında qərblilər Premyer Liqa ilə vidalaşacaq.

“Kəpəz” qalib gəlməklə 3 dəfə çempionu olduğu liqada ömrünü ən azı 1 turluq uzada bilər. Bu isə o deməkdir ki, sabiq çempionu yola salmaq daha çox “Rəvan”dan asılıdır.