“Əfqan Talıbovu vecinə alan yoxdu”
08.04.2013 - 16:45
“Əfqan Talıbovu vecinə alan yoxdu”
“Turan” klubunun hücumçusu Salif Ballo Topaz Premyer Liqasının XXV turunda AZAL-a 0:2 hesablı məğlubiyyətdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Görüş haqda nə deyə bilərsiniz?
- Digər görüşlərlə müqayisədə meydana daha istəkli çıxmışdıq. Ancaq qol vura bilmədik. Ümumilikdə, pis oynadığımızı demək olmaz.

- Bəs qol vurmağa nə mane oldu?
- Komandada anlaşma zəifdir. Müdafiə və yarımmüdafiə xəttində yer alan futbolçular yaxşı ötürmə verə bilmirlər. Əksər hallarda uzun ötürmələrdən istifadə edilir. Bu səbəbdən qol vurmaq çətindir.

- Komandanın istəkli olduğunu desəniz də, meydandakı oyun bunu əks etdirmirdi...
- Əsas problem heyətlə bağlıdır. Birinci dövrədəki heyəti qoruya bilsəydik... Gələnlər çox zəifdirlər. Belə futbolçularla bundan artığını reallaşdırmaq mümkün deyil.

- Zəif hesab etdiyiniz futbolçuların adlarını qeyd edə bilərsiniz?
- Ad çəkməyə ehtiyac yoxdur, onlar mənim komanda yoldaşlarımdır. Yenə deyirəm, qışda komandaya gələnlərin hamısı zəifdir. Açığı, əvəzedici komandanın üzvləri onlardan yaxşı oynayırlar. Müdafiə bərbad gündədi. Təsadüfi deyil ki, fasilədən sonra keçirdiyimiz 7 matçda təxminən 30 qol buraxmışıq. Deməli, müdafiəçilər üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmirlər.

- Elə siz də əvvəlki kimi çıxış etmirsiniz...
- Məşq etmək üçün normal şərait yoxdur. Komanda oyunlara balaca meydançalarda hazırlaşır. Həmin meydança o qədər balaca olur ki, məşqdə topu qəbul etdin, gərək ötürmə verəsən. Daha 2-3 ötürmədən istifadə etmək, driblinqlər reallaşdırmaq mümkün deyil. Çünki ərazi balacadır. Oyun zamanı isə belə olmur. Meydanda driblinq etməli, çoxsaylı ötürmələrdən yararlanmalısan. Məşqdə bunu etmədiyinə görə, rəsmi matçda problem dərhal üzə çıxır.

- Baş məşqçi Əfqan Talıbov da sizdən narazıdır. O, lazımi təcrübəyə malik olmadığınızı deyib. Məşqçinin fikri ilə razılaşırsınız?
- Təcrübəm çatmasaydı, heç qol vurmazdım. Amma indiyədək 9 dəfə fərqlənmişəm. Təcrübəsiz olmağım indi yadına düşür?

- “Turan” turdan tura I diviziona yaxınlaşır. Hazırkı durumdan çıxış yolunu nədə görürsünüz?
- Komandada nizam-intizam yoxdur, futbolçular istədiklərini edirlər. Rəhbərlik, baş məşqçi bunun qarşısını almaq üçün heç bir tədbir görmür. Halbuki, bunu onlar tənzimləməlidirlər. Komanda uçurumdadır. Əfqan Talıbovun gözü qarşısında onlar nə istəyirlər, onu da edirlər. Məşqçini vecinə alan yoxdu. Topu hara gəldi vururlar, yerli-yersiz gülürlər və s. Ancaq Əsgər Abdullayevin vaxtında intizam çox yüksək səviyyədə idi. Heç kim belə edə bilməzdi. Məhz Abdullayevin gedişindən sonra komanda dağıldı.


- Tovuzda futbola olan sevgidən xəbərdarsınız. Yəqin ki, komandanın I diviziona yuvarlanmasının yerli azarkeşlər üçün nə demək olduğunu bilirsiniz...
- Futbolçuların heç bir günahı yoxdur. Biz döyüşə komanda şəklində getməliyik. 2-3 nəfərlə savaş qazanmaq olmaz. Yenə deyirəm, əvvəlki futbolçularda mübarizə ruhu daha güclü idi. Komandanı həminki səviyyəyə də onlar qaldırmışdı. Azarkeşlər üçün “Turan”ın aşağı dəstəyə düşməsi çox ağırdır. “Turan” da bir növ doğmalarını itirəcək.

- “Turan”la müqaviləniz mayda başa çatacaq. Qışda isə “Simurq” və “Qəbələ” xidmətinizdə maraqlı idi. Hazırda hansısa klubla danışıqlar aparırsınızmı?
- Bu işlə menecerim məşğuldu. Bəzi komandalarla danışılar gedir. Azərbaycan klublarıdır. Ancaq indiki məqamda konkret ad çəkə bilmərəm.