Tofiq Mikayılov qol vurdu, FİFA referisi Adamoviçi gördü
08.04.2013 - 17:56
Tofiq Mikayılov qol vurdu, FİFA referisi Adamoviçi gördü
"Rəvan” Topaz Premyer Liqasının XXV turu çərçivəsində bazar günü "Sumqayıt”la qarşılaşdı. Apasport.az saytının məlumatına görə, paytaxt klubu növbəti qələbəsini qazanmaqla hesabındakı xallarının sayını 31-ə çatdırdı. "Bayıl Arena”da keçirilən oyun həmçinin bir sıra maralı məqamları ilə yadda qaldı.

İlk öncə "Rəvan”ın ikinci mövsümünü keçirdiyi Premyer Liqada ilk dəfə ardıcıl 3 qələbə qazandığını qeyd etməliyik. İndiyə qədər bu komanda elitada 5 dəfə dalbadal 2 oyunda 3 xala sevinsə də, 3-cü görüşdə büdrəmişdi. Ancaq bu, klub tarixində ən uzun qələbə seriyası deyil. Belə ki, 2010/11 mövsümündə - "Rəvan” I divizionda çıxış edərkən V-XIII turlar ərzində, 2010-cu ilin 3 oktyabr – 5 dekabr tarixləri aralığında ardıcıl 9 qələbə qazanmışdı. 14 oyundur heç-heçə etməyən komandanın Premyer Liqa matçlarında ilk dəfə ardıcıl 2 oyunda böyükhesablı qələbə qazandığı da xüsusi vurğulanmalıdır.

Əvəzedici heyətin üzvü Əli Əliyevin əsas komandada debüt etdiyi görüşdə son nöqtəni qoyan Samuel Barlay isə klub tarixinə düşdü. Belə ki, syerra-leoneli yarımmüdafiəçi 1-ci uzatma dəqiqəsində fərqlənməklə həm cari mövsüm ilk qolunu vurdu, həm də yubileyini qolla qeyd etdi. Axı bu matç onun üçün Premyer Liqada "Rəvan” forması ilə 50-ci görüş idi. Qeyd edək ki, o, yalnız elita oyunları nəzərə alınmaqla "uçan aslanlar”ın heyətində 50 oyuna çıxmış ilk futbolçu oldu. Kapitan Tural Axundovda və artıq komandadan ayrılmış Miloş Zeçeviçdə isə bu rəqəm 49-a bərabərdir. Qeyri-adi heç nə baş verməsə, "Kəpəz”lə növbəti oyunda Tural da 50-yə çatacaq.

"Rəvan”ın ilk qolunun müəllifi olan Mindauqas Kalonas qış fasiləsindən sonra çempionatda 6-cı qolunu vurdu. Martın ən yaxşı futbolçusu seçilməyə real namizəd olan litvalı pleymeykerlə bu mənada yalnız "Bakı”nın əsas qolçusu Marius Pena və "Neftçi”nin “vuran ayağ”ı Nikolas Kanales rəqabət aparır. Onlar da 2013-cü ildə Premyer Liqada 6 dəfə fərqlənib. “Rəvan”ın əsas qol ümidi olan Xuan Manuel Varea, eləcə də Nildo (AZAL) və Riçard Almeyda (Qarabağ) isə 5 dəfə rəqib torunu silkələyib.

Oyunun maraqlı məqamlarından biri də ikinci qolla bağlıdır. Çünki topa son toxunan Tofiq Mikayılov olsa da, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası qolu ötürmə verən Miloş Adamoviçin adına yazıb. Belədə Tofiqin 11 oyun sonra qol müəllifi olmaq arzusu reallaşmayıb. Əvəzində Adamoviç dalbadal 3-cü oyunda fərqlənməyi bacaran 3-cü futbolçu olmaq üçün real şans qazanıb. Axı o, öncəki tur "Turan”ın da qapısına yol tapmışdı. İndiyə qədər Nemanya Vidakoviç (28 aprel – 12 may 2012-ci il) və Mindauqas Kalonas (9 – 22 fevral 2013-cü il) dalbadal 3 oyunda fərqlənə bilib.

Mənbə: revanfc.az