“Fikrim var ki, ingilis dilindən sonra azərbaycanca da öyrənim” - MÜSAHİBƏ
08.04.2013 - 18:22
“Fikrim var ki, ingilis dilindən sonra azərbaycanca da öyrənim” - MÜSAHİBƏ
"Qəbələ"nın braziliyalı yarımmüdafiəçisi Lorival Assis klubun qəzetinin "Legionerlər Azərbaycan"da rubrikasının növbəti qonağı olub. Apasport.az saytının məlumatına görə, futbolçu ölkəmizdə xanımı Şeyla və 3 yaşlı oğlu Lohanla birgə yaşayır.

"Azərbaycanı İraqa, Əfqanıstana bənzədirdim"

- Azərbaycana köçmək, burda yaşamaq qərarını necə qəbul etdiz?
Şeyla: Düzü, Azərbaycana gəlmək istəmirdim. Çünki buranı İraqa, Əfqanıstana bənzədirdim. Elə bilirdim ki, Azərbaycanda qızğın döyüşlər gedir. Ancaq sonra dostlardan, tanışlardan ölkəniz haqda ətraflı məlumat topladıq. Təbii ki, əvvəllər bura uyğunlaşmaq bir qədər çətin oldu.

- Kişilər qadınlara nisbətən yeni şəraitə daha tez uyğunlaşır. Bu mənada, Azərbaycanda üzləşdiyiniz ən böyük çətinliklər hansılar olub?
Şeyla: Ən böyük çətinlik qida ilə bağlıdır. Burda Braziliya mətbəxi yoxdur. Uşaq üçün yeməklər alırıq, ancaq bu da ürəyimizcə olmur.

- Bəs vəziyyətdən necə çıxırsız?
Lorival: Braziliyadan gələndə özümüzlə yemək gətiririk. Bir baqaj ancaq ərzaqlara gedir. Bəzən 3-4 aylıq azuqə ehtiyatını birdən görməli oluruq. Sözsüz ki, bütün ərzaqları Braziliyadan bura gətirməyə ehtiyac yoxdur. Məsələn, Braziliyadakı düyü ilə burdakı oxşardır. Lakin vətənimizdə çox sevdiyimiz lobyadan Azərbaycanda yoxdur.

- Yəqin ki, ölkəmizə gələndə Braziliyada məşhur olan qəhvə də gətirirsiz...
Lorival: Yox, burdakı qəhvə xoşumuza gəlir.

"O, məni 15 ildir sevirmiş, xəbərim olmayıb"

- Nə zaman tanış olmusuz? Neçə ildir ki, ailəlisiz?
Lorival: Braziliyada eyni şəhərdə doğulub, boya-başa çatmışıq. Evlərimiz də bir-birinə yaxın olub. Yoldaşım məni 15 ildir sevirmiş, mənim xəbərim olmayıb (gülür). Onun məni sevdiyini biləndə münasibətimizi rəsmiləşdirdik. Amma ailə qurandan 1 ay sonra futbolçu karyerama görə başqa ölkəyə köçdüm. Düz 5 il belə yaşamalı olduq. İldə 1-2 dəfə evə gəlmək imkanım olurdu. Artıq 7 ildir evliyik. Oğlumuzun 3 yaşı var.

- Lorival, səni yaxşı tanısaq da, xanımın barədə məlumatsızıq.
Lorival: Şeyla evdar xanımdır. Ərinin, oğlunun qayğısına qalmağı sevir. Boş vaxtlarında üzgüçülüyə, fitnesə gedir.

- Asudə vaxtlarınızı necə keçirirsiz?
Lorival: Yay fəsli bizim üçün daha maraqlıdır. Çünki yayda ailəvi Qəbələni gəzirik, görməli yerlərdə oluruq. Qışda əsasən oteldə qalırıq. “Qəbələ”nin oyunları Bakıda keçiriləndə isə matçdan sonra imkan tapıb, şəhəri gəzməyə çıxırıq.

- Lorival Rodriges Assisi necə xarakterizə edərdiz?
Şeyla: O, çox güclü xarakterə malikdir. İstəyir ki, həmişə övladı üçün nümunə olsun.

"Anam 7-8 il sürən ağır xəstəlikdən sonra vəfat etdi..."

- Braziliyanın ən çox nəyi üçün darıxırsınız: karnavalı, çimərliyi, yoxsa...
Lorival: Dənizkənarı üçün çox darıxıram. Çünki ailəmlə sahilə tez-tez gedirik.
Şeyla: Mən karnaval üçün qəti darıxmıram.
Lorival: Yəqin ki, karnavalda çoxlu qızlar olduğuna görə belə deyirsən (gülür).

- Əksər qadınlar futbolu sevmir, hətta bu idman növünə nifrət edirlər. Bəs Şeyla, sizin futbola münasibətiniz necədir? Lorivala görə futbola baxırsız, yoxsa əvvəllər də rəğbətiniz olub?
Şeyla: Mən həqiqətən də futbolu sevirəm. Lorivalın bütün oyunlarını izləyirəm, “Qəbələ”yə azarkeşlik edirəm. Yeganə problem odur ki, Azərbaycanda stadionlara qadınlar gəlmir.

- Ailənin oyunu izləməsi səndə ruh yüksəkliyi yaradırmı?
Lorival: Əlbəttə. Həyat yoldaşım və oğlum stadionda olanda daha yaxşı çıxış etməyə çalışıram. Qol vuranda həmişə ailəmə doğru qaçıram.

- Lorival, səni “Qəbələ”nin legionerlərindən fərqləndirən bir cəhət də dinə çox bağlılığındır. Bu sevgi haradan irəli gəlir?
Lorival: Mənim anam 7-8 il ağır xəstəlikdən əziyyət çəkib və 2005-ci ildə dünyasını dəyişib. O, vəfat etdikdən sonra həyata baxışım dəyişdi. Anamla birgə bütün arzularımı dəfn etdim. O mənim həyatdakı uğurlarımı görmədi. Məsələn, istərdim ki, anam necə xoşbəxt ailəm olduğunu, oğlumun doğulduğunu, Azərbaycanda oynadığımı görsün. Burda onunla birlikdə yaşamaq istərdim. Anam dünyasını dəyişən zaman arzuolunmaz hisslər yaşadım, insanlara qarşı münasibətim pisləşdi. Yaxşı ki, sonra özümü toparlaya bildim, nəticədə dinə meylləndim, insanlara kömək etməyə başladım. İndi dini, insanları, xoş əməlləri sevirəm. Din özümə nəzarət etməyə yardımçı olur. Dodo, Daniel Kruz və Dieqoya da dinin müsbət tərəfləri barədə danışıram, onlarda da dinə sevgini artırmaq istəyirəm.

- Bir çox braziliyalılar xarici dilləri çox tez qavrayır. Bu baxımdan Azərbaycan dilini öyrənmək planınız varmı?
Lorival: Azərbaycanca bir neçə söz bilirəm: "necəsən", "yaxşi", "pis". 2 ay öncə ingilis dilini öyrənməyə başladım. Fikrim var ki, ingilis dilindən sonra Azərbaycan dilini də öyrənim. İstəyirəm ki, Azərbaycanda yerli əhali ilə ünsiyyətə girim, onlara kömək edim. Yardımsevərlik mənim ürəyimdən gəlir.

"Qəbələ"nin avrokuboklara çıxmaq şansı var"

- Lohan özünü çox sakit aparır. Xaraktercə kimə oxşayır?
Şeyla: Məncə, Lohan xarakterinə görə atasına bənzəyir. Yemək və ya digər maddi ehtiyacları olanda məni, oynamaq istəyəndə isə Lorivalı çağırır.

- Oğlunuzun gələcəyi ilə bağlı hansı planlarınız var?
Şeyla: Lohan indidən futbol oynamağa başlayıb. Ancaq böyüyəndə futbolçu olmasını istəmirəm. Çünki futbolçu olarsa, 10-11 yaşından etibarən evdən, ailədən uzaqda yaşamalı olacaq.
Lorival: Mənim üçün isə fərqi yoxdur. Əsas odur ki, yaxşı insan kimi yetişsin, əsl kişi xarakterli olsun. İstənilən sahədə ona dəstək verməyə hazırıq. Sözsüz ki, onun futbolçu olmasını istərdim. Ancaq Lohanı heç nəyə məcbur etməyəcəyik.

- Braziliyada təkuşaqlı ailələrə nadir hallarda rast gəlinir...
Lorival: Biz də ikinci övladımızın doğulmasını arzulayırıq. Birinci dəfə həm Şeyla, həm də mən oğlan istəyirdik. İndi hər ikimiz qız övladı diləyirik. Ancaq yenə oğlumuz olsa belə, razı qalacağıq.

- Şeylanın mətbəxlə arası necədir?
Lorival: Şeyla yemək bişirməkdə peşəkardır. Hər ikimiz stroqonof-lazaniya xörəyini sevirik. Bu, Braziliyanın milli xörəyidir, cücə və kremdən hazırlanır.

- Azərbaycan xörəklərindən hansıları dadmısınız?
Şeyla: Mən daha çox düyü ilə lobyanı xoşlayıram. Azərbaycan mətbəxini, demək olar, bəyənmirəm. Yalnız kababı məmnuniyyətlə yeyirəm.
Lorival: Şeyladan fərqli olaraq, mənim üçün prinsipial fərq yoxdur. Azərbaycan yeməklərini də rahat yeyirəm.

- Sonda "Qəbələ" barədə də fikirlərinizi öyrənmək istərdik. Sizcə, komandamız Premyer Liqanı neçənci pillədə başa vuracaq?
Şeyla: Lorival oynasa, "Qəbələ" avrokuboklara vəsiqə qazanacaq (gülür).
Lorival: Mən də bu mövzuda nikbinəm. Hesab edirəm ki, bu heyətlə "Qəbələ" bir sıra uğurlara nail ola bilər. Tam səmimi deyirəm, klub futbolçular üçün bütün şəraiti yaradıb. “Qəbələ”də işlər peşəkarcasına görülür. Klubun əla meydançaları, infrastrukturu var. Avropamiqyaslı yarışlarda iştirak hüququna yiyələnmək üçün şansımız az da olsa var. Sadəcə, bu imkandan istifadə etmək lazımdır.