“Ballo yanıma gəlib, ağlaya-ağlaya üzr istədi”
09.04.2013 - 09:32
“Ballo yanıma gəlib, ağlaya-ağlaya üzr istədi”
“Turan” klubunun baş məşqçisi Əfqan Talıbovun apasport.az saytına müsahibəsi

- Çempionatın sonuna 7 tur qalsa da, komandanızın turnir cədvəlində vəziyyəti çox ağırdır. 11-ci yerdə qərarlaşan “Turan” özündən öndəki “Sumqayıt”dan 5 xal geri qalır ki, bunu aradan qaldırmaq heç də asan olmayacaq. Bu gedişlə artıq I diviziona düşəcəyinizlə barışmısınız?
- Yox, heç bir narahatçılıq yoxdur. Sonadək mübarizə aparacağıq. Vəziyyəti düzəltməyə çalışırıq. Düşdüyümüz durum bizim istəyimizlə olmayıb.

- Bəs kimin istəyi ilə olub?
- Böyük səbəblər oldu ki, onlar komandanın yuxarı pillələrdə olmağına imkan vermədi. Quyunun dibindən sürünə-sürünə çıxmağa çalışırıq.

- Cəhdiniz boşa çıxsa necə?
- Heç nə. Necə başlamışıq, elə də sona çatdıracağıq. Əlimizdən gələni edəcəyik. Ancaq kimin əlindən gəlmirsə, maneçilik eləməsin.

- Kimi nəzərdə tutursunuz?
- Tovuzlular bilsinlər ki, hansısa insana görə komandaya nifrət oyatmaq olmaz. İnsanın sözünü elə qəribçiliyə salırlar ki... Bizdə ən “gözəl” ənənələrdən biri yıxılanı tez baltalamaqdır. O boyda “Qəbələ”dən niyə yazmırlar? Yaxşı maliyyəyə malik bu komanda da ardıcıl məğlub olur.

- “Qəbələ” ilk “altılıq”da mükafatlar uğrunda, amma “Turan” güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparır...
- Biz də “altılığ”a düşə bilərdik...

- Hesab etmirsiniz ki, I diviziona düşmək “Turan”a böyük zərbə olacaq? Bəlkə daha dirçələ bilmədi, güclülər dəstəsinə qayıtmadı, heç I divizionda oynamadı...
- “Turan” I diviziona düşsə, şəxsən mən komandadan getməyəcəyəm. Özüm sponsor tapacağam. I dəstədən yüksək liqaya qayıdacağıq. “Turan”ın yenidən gözəl nailiyyət əldə eləməsi üçün nə gücümüz var, onu əsirgəməyəcəyik.

- Amma bir məqam var: “Turan” bütün milli çempionatlarımızda oynamış 3 komandadan biridi. Komanda I diviziona düşsə, tarixində ilk uğursuzluq sizin adınızla çəkiləcək. Bunu necə qəbul edəcəksiniz?
- Əfqan Talıbov heç nədən qorxan oğlan deyil. Azərbaycanda tarix yazmağı xoşlayırlar. Bizim də qismətimizə belə tarix yazmaq düşüb. Ancaq mən komandanı qoyub qaçmıram.

- Futbolçularınız radikal danışırlar, narazılıqlarını çəkinmədən bildirirlər. Malili hücumçunuz Salif Ballo saytımızda müsahibəsində komandada nizam-intizamın aşağı olduğunu, futbolçuların sizi vecinə almadıqlarını bildirib. Bunu necə qəbul etdiniz?
- Salif saytınıza verdiyi o müsahibədən sonra özünü pis vəziyyətdə qoydu. Yanıma gəlib, ağlaya-ağlaya üzr istədi.

- Dedikləri sözlərə görə peşman idi?
- Ona görə üzr istəyirdi ki, növbəti oyunda “18-lik”də olmayacaq, 1 aylıq maaşı kəsilib. Dedim ki, məndən niyə üzr istəyirsən? Kişi gərək dediyi sözün arxasında dursun. 3-4 ay idi maaş verilmirdi. Elə bilirdi cəza olmayacaq. Bax, cəza belə olur!

- Ballonun nizam-intizam planında necə futbolçudur?
- Ballo nizam-intizamı pozanlardan biridir. Əl hərəkətləri, iradları ilə komanda yoldaşlarını elə əsəbiləşdirmişdi ki... Bir özünə baxsın, gələndə kim idi.

Mehman SÜLEYMANOV