“Turan” Vaqif Sadıqovda əsəb formalaşdırmışdı” - MÜSAHİBƏ
09.04.2013 - 11:16
“Turan” Vaqif Sadıqovda əsəb formalaşdırmışdı” - MÜSAHİBƏ
AZAL-ın ispaniyalı sol cinah müdafiəçisi Xuan Fransisko Qarsiya Martinesin (Xuanfran) apasport.az saytına müsahibəsi

- “Turan”la oyunda qələbə qazanmaqla, ikinci “altılıq”da liderliyinizi bir qədər də möhkəmləndirdiniz. Əvvəlcə bu oyunla bağlı fikirlərini bilmək istərdik.
- İlk hissədə hamı bir-birini yaxşı ötürmələrlə təmin edirdi. Bunun nəticəsində bir qol vurduq. Bundan sonra komanda bir az özünə gəldi. İkinci yarıda isə daha bir dəfə fərqləndik. Amma rəqib baş məşqçinin dəyişikliklərindən sonra “Turan” fasilədən sonra daha yaxşı təsir bağışlayırdı.

- “Turan” “Kəpəz” kimi çempionatın autsayder komandalarından hesab olunur. AZAL-dan aşağı pillədə olan “Rəvan” bu komandanın qapısına 5 dəfə yol tapdığı halda, siz cəmi 2 qol vura bildiz. Bu nə ilə əlaqədardır, zəif çıxışınızla, yoxsa rəqibin yaxşı müdafiə olunması ilə?
- Mən özümdən danışsam deyə bilərəm ki, cinah müdafiəçisi olaraq hücumlara dəstək verməyi xoşlayıram. Ancaq baş məşqçimiz güclü müdafiə xəttinin olması üçün mənim o qədər də irəli getməyimi istəmir. AZAL-a gəlincə, oyunun yarıdan çoxunu hücumda keçirən tərəf biz olduq. Bu, futboldur. Bir gün 10 qol vura bilərsən. Digər gün isə bu qollardan cəmi 2-dən yararlana bilərsən.

- Həmin oyunun ikinci yarısında AZAL-ın texniki zonasının önündə “Turan”ın malili hücumçusu Salif Balloya qarşı kobud oynadız. Bu, baş məşqçiniz Vaqif Sadıqovun xoşuna gəlmədi və sizə narazılığınızı üzərinizə bərkdən qışqırmaqla ifadə etdi. Bu barədə nə deyə bilərsiz?
- Yox, burda şişirdiləsi bir şey yoxdur. Bu, çox normal bir şeydir. Baş məşqçinin yetirməsinə narazılıq etməsi adi haldır. Bundan incimirəm. Çünki o, “Turan”ın qol vurmasını istəmirdi. Rəqib təhlükəli əks-hücumlar qururdu ki, bu da çalışdırıcıda əsəb formalaşdırmışdı. Ancaq dediyim kimi, bu, normal haldır. Ona görə də onun üzərimə qışqırmasını normal qarşılayıram.

- Necə düşünürsüz, həmin epizodda baş hakim Anar Salmanovun verdiyi qərar düz idi?
- İnsafla danışsam, Balloya qarşı doğrudan da kobud oynamışdım. Bu üzdən hakimin əleyhimizə cərimə zərbəsi verməsi düzgün qərar idi.

- AZAL-da ilk legioner karyeranızı yaşayırsız. Bura gələnə kimi İspaniyanın aşağı dəstə klubları olan “Benidorm”, “Ontinyent” və “La Nusiya”da çıxış etmisiz…
- Mən “La Nusiya”ya qədər II dəstədə çıxış etmişəm. Ancaq sonra ayağım sındığı üçün uzun müddət futboldan kənar qaldım. Təxminən 1 il oynamadım. Daha sonra “La Nusiya”ya keçdim. Orda isə 3 il çıxış etdikdən sonra AZAL-ın “Antalyaspor” və “Mersin İdman Yurdu” ilə yoxlama oyunlarında özümü yaxşı tərəfdən göstərib bəyənildim və klubla 2 illik müqavilə bağladım.

- İspaniyanın III dəstəsi ilə bizim Premyer Liqa arasında hansı fərqlər var?
- Fikrimcə, Azərbaycan Premyer Liqası ordan daha güclüdür. Çempionatınızın səviyyəsi İspaniyanın Sequnda B birinciliyi ilə müqayisə oluna bilər. Burda güc futboluna üstünlük verilir. Özüm oralı olduğum üçün demirəm, ancaq İspaniyada yerli futbolçuların səviyyəsi burdakından yüksəkdir.

- Ölkəmizdə bir neçə ispaniyalı futbolçular çıxış edib və hazırda da karyeralarını burda davam etdirənlər var. Onlarla hər hansısa bir tanışlığınız varmı?
- “Bakı”dan Mario Rubionu tanıyıram. Digəri isə “Xəzər Lənkəran”da çıxış edir. Ancaq adını unutdum...

- Alvaro Silvanı nəzərdə tutursuz?
- Bəli. Ondan başqa, burda çıxış edən ispaniyalı futbolçu ilə tanışlığım yoxdur. Təəssüf ki, onları da məşqlər və oyunlarla əlaqədar olaraq çox az-az görürəm. Bundan başqa, qışda “Neftçi”yə baxışa gəlmiş, ancaq zədəsinə görə müqavilə bağlanmamış ispaniyalı yarımmüdafiəçi Perikonu da tanıyırdım.

- Burda dillə bağlı problemlə üzləşmirsiz? Çünki ingilis dilini zəif bildiyiniz hiss olunur...
- Təbii ki, burda ünsiyyət zamanı çətinliklərlə üzləşirəm. Çünki dilinizdə heç bir sözü başa düşmürəm. İngiliscə isə çox az danışa bilirəm. Komanda yoldaşlarım üzümə söz deyirlər, mən isə onları başa düşmürəm. Futbolçular ingilis və azərbaycanca danışdıqlarından və demək olar ki, komandada heç kim ispanca bilmədiyindən çətinlik çəkirəm.

Səbuhi TOFİQOĞLU