Azərbaycanda UEFA seminarı - FOTOSESSİYA - VİDEO
09.04.2013 - 11:36
Azərbaycanda UEFA seminarı - FOTOSESSİYA - VİDEO
Bu gün Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın seminarı başlayıb. Apasport.az saytının məlumatına görə, qadın futboluna həsr olunmuş seminarda 3 xarici ölkədən - Bosniya və Herseqovina, Monteneqro, Litvanı təmsil edən mütəxəssislər iştirak edir.

"Hilton Baku" otelində təşkil olunmuş seminarı giriş sözü ilə açan AFFA-nın baş katibi Elxan Məmmədov iştirakçıları salamlayıb. O, ölkəmizdə qadın futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 barədə ətraflı məlumat verib.

Məmmədov qeyd edib ki, bu dünya çempionatı nəinki Azərbaycanda, ümumilikdə regionda ən uzunmüddətli idman tədbiri olub. Mundialın loqotipinin təqdimatı FİFA-nın prezidenti Yozef Blatterin iştirakı ilə keçirilib. Dünya çempionatı infrastrukturun inkişafı baxımından xüsusi əhəmiyyətə malik olub. Baş katib deyib ki, mundiala hazırlıq dövründə Bakıda bir neçə stadion inşa olunub, həmçinin müasir standartlara uyğun məşq meydançaları hazırlanıb. Çempionatın açılış mərasimində Respublika Prezidenti İlham Əliyev və FİFA-nın prezidenti Yozef Blatter iştirak ediblər. Final qarşılaşmasını dövlət başçısı İlham Əliyev və UEFA-nın prezidenti Mişel Platini birgə izləyiblər. Bu dünya çempionatı Azərbaycanda qadın futbolunun inkişafına və təbliğatının gücləndirilməsinə böyük təkan olub.

Sonra UEFA nümayəndəsi Emma Sykes, ardınca isə AFFA-nın Texniki departamentinin əməkdaşı Zümrüd Məmmədova təqdimatla çıxış edib.

Qeyd edək ki, seminara aprelin 11-də yekun vurulacaq.

Mənbə: affa.az