“Onun olmaması mənim üçün yaxşı, “Neftçi” üçün pisdi” - MÜSAHİBƏ
09.04.2013 - 16:27
“Onun olmaması mənim üçün yaxşı, “Neftçi” üçün pisdi”  - MÜSAHİBƏ
Bakının “İnter” klubunun makedoniyalı futbolçusu Slavço Georgiyevskinin apasport.az saytına müsahibəsi

- Artıq 3-cü mövsümdür Azərbaycanda “altılıq” həyəcanı yaşayırsınız. Budəfəki mübarizədə sizin üçün nə fərqlidir?
- Həmişəki kimi, gərgin mübarizə gedir. 7 tur qalıb, çətin olacaq. Hər bir komanda “altılığ”ın qalibi ola bilər.

- Komandanız bu mübarizədə çempionluğa ən şanslılardan sayılır...
- Biz hələ çempionluq yox, hər bir matçda qələbə haqda düşünürük. Qızıl medallar haqda fikirləşmək hələ tezdir. Çünki iddiaçılar arasında xal fərqi çox azdır. İrəli getmək üçünsə hər matçda qələbəyə nail olmaq lazımdır.

- Ancaq rəqiblərinizin xal itirməyi də lazımdır....
- Rəqiblərimizin nəticələrinə yox, öz oyununa baxmaq lazımdır.

- Turnir cədvəlində vəziyyətə baxsaq, demək olarmı ki, çempionluq 3 komanda – “Neftçi”, “İnter” və “Qarabağ” arasında gedəcək?
- Əlbəttə. Yeni başlayanda düşünürdük ki, “Qəbələ” də mübarizədə olacaq. Yəqin, onlarda hansısa problem var ki, mövqelərini əldən verərək, aşağı düşdülər. Üç iddiaçı qalıb və maraqlı mübarizə olacaq. Çünki hər üçü çempionluğa oynayır.

- Elə növbəti turda “Qarabağ”ın qonağı olacaqsınız. Cari mövsümdə hələ bu komandanı yenə bilməmisiniz...
- “Qarabağ”la oyunlar, ona qalib gəlmək həmişə çətindir. Mən hələ 3 il öncə ilk dəfə ona qarşı oynayanda dedim ki, bu komandanın oyununa görə Azərbaycanda ən yaxşıdır. Topla oyuna, ötürmələrə üstünlük verən komandadır. Biz “Qarabağ”a hörmət edirik və qalib gəlmək istəyirik. Buna nail olub-olmayacağımızı matç göstərəcək. Məncə, “Qarabağ”la çətin də olsa, oynayıb qələbə qazanmaq olar.

- “Neftçi”nin son turda uduzmağından, “İnter”in isə qələbəsindən sonra xal fərqi 1-ə endi. Bu zaman ürəyinizdə bir rahatlıq oldumu? Çünki 4 xal fərqi böyük idi...
- Biz bilirdik ki, “Neftçi”ni bizdən sonra “Qarabağ” və digər komandalarla çətin oyunlar gözlədiyindən xal itkisi mümkündür. “Altılıq”da bütün komandalar yaxşı olduğundan, səviyyə fərqi olmadığından, heç kimə asan deyil. Mümkün deyil ki, bir komanda bütün oyunlarda qalib gəlsin. Əgər bütün matçlarda qalib gəlsələr, afərin, onları çempionluq münasibətilə təbrik edirəm.

- “Neftçi” sizi 1 xal qabaqladığından, hər şey onların öz əlindədir. Yəni qalan matçlarda qalib gəlsələr, rəqiblərinin nəticələrindən asılı olmayaraq, avtomatik çempion olacaqlar...
- Biz “Neftçi”nin etdiyinə baxmırıq. Öz oyunlarımıza, nəticələrimizə baxaraq hər matçda qalib gəlmək, çempion olmaq istəyirik. Qalanları nə edir, bu, onların problemidir. Hər oyundan sonra növbəti matçımızı düşünürük.

- “İnter”in heyətində “Neftçi”yə qarşı keçirdiyiniz 3 oyunda 1 heç-heçə edib, 2 dəfə uduzmusunuz. Keçmiş komandanıza qalib gələ bilməmək sizdə ruh düşkünlüyü yaratmır? Ümumiyyətlə, uğursuzluğun səbəbini nədə görürsünüz?
- Mən “İnter”ə ona görə gəlməmişəm ki, “Neftçi”yə qalib gəlim. İlk dəfə “Neftçi” ilə çempion olduğumuz mövsümdə “Xəzər Lənkəran” üzərində 1 dəfə də olsun qələbə qazana bilmədik. Ancaq sonda çempion olduq. Buna görə yalnız bu 2 komanda arasında oyunlarda hər şey həll olunmur. Mübarizə qalan oyunlarda müəyyənləşir. Həmişə qalib gəlmək istəyirsən, ancaq bəzən bu, alınmır. Məsələn, “Neftçi” həmişə “Qarabağ”a qalib gəlirdi, ancaq bu mövsüm uduzur. Futbolda belə şeylər olur.

- “Neftçi” siz gedəndən sonra çoxmu dəyişib?
- Bu komandada çıxışım keçmişdə qalıb. Tarixi geri qaytarmaq olmaz. İndi “İnter”in futbolçusuyam və məni bu komandanın uğuru maraqlandırır. Çalışıram ki, hazırkı klubumla çempion olum.

- Hər halda, “Neftçi”dən sonra “İnter”lə, yəni ardıcıl 3-cü il Azərbaycan çempionu olmaq sizin üçün prinsipial əhəmiyyət kəsb edir...
- Bəli. Mən ardıcıl 3-cü il çempion olmaq istəyirəm və bunun üçün meydanda işimlə, komandama kömək etməyə çalışıram. “Neftçi”də mənimlə olanların bir çoxu komandadan gedib.

- Ancaq bunlardan biri, həmyerliniz, dostunuz İqor Mitseki yenə “Neftçi”dədir. O, artıq sizə rəqibdir. Mitreskinin son turda qırmızı vərəqə almağına görə üzülmədiniz?
- Biz onunla hər dəfə oyundan sonra ünsiyyət qururuq, futbol haqda danışırıq. Normal münasibətimiz var. Təəssüf ki, qırmızı vərəqə aldı. Ancaq bu, bizim üçün yaxşıdır.

- Yəni əsas rəqiblərimizdən birinin əsas müdafiəçisinin olmamağı işinizi nisbətən asanlaşdırır....
- Onu deyə bilərəm ki, İqorun qırmızı vərəqə almağı mənim, komandam üçün xoş oldu. Çünki cəzalı olduğundan, növbəti turda oynamayacaq və rəqibimizə onsuz çətin olacaq. Bizə isə rəqibin əsas futbolçularından birinin oynamamağı yaxşı olacaq.

- Düşünmürsünüz ki, Mitreski ona yaxın insanın bu sözlərinə görə inciyəcək?
- Yox. Əgər Mitreski mənim sözlərimi düzgün başa düşsə, nə demək istədiyimi bilsə, problem yoxdur. Biz peşəkar futbolçularıq, meydanda rəqibik. Onun olmaması mənim üçün yaxşı, “Neftçi” üçün pisdir. Mən indi “İnter”də oynadığımdan, yaranmış vəziyyətə sevinirəm.