Ruslan Abışov üçün “Rubin”də növbəti maneə
09.04.2013 - 17:18
Ruslan Abışov üçün “Rubin”də növbəti maneə
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun “Rubin”in əsas heyətinə düşməyi daha da çətinləşir. Apasport.az saytının məlumatına görə, Kazan klubun Ruslanın oynadığı dayaq yarımmüdafiəçisi mövqeyinə “Bavariya”nın və Ukrayna yığmasının üzvü Anatoli Timoşuku gətirməyi planlaşdırır.

Belə ki, “Rubin” Münhen təmsilçisində cari mövsümdə 12 oyuna 1 qol vuran 34 yaşlı legionerə illik məvacibi 2,5 milyon avro olmaqla 3,5 illik müqavilə təklif edir. Bura mümkün bonuslarla komandanın uğurlarına görə mükafatlar daxil deyil.

Anatolinin rəsmi nümayəndəsi Vitali Yurçenko müştərisinin iyulun 1-də “Bavariya”dan gedərək sərbəst futbolçu olacağının artıq dəqiqləşdirdiyini bildirib: “Onun gələcək karyerasına gəlincə, hazırda bununla bağlı fəal danışıqlar gedir. Futbolçuma Avropanın çoxlu klublarından maraq, Rusiyadan yaxşı təkliflər var. Yekun qərarı qəbul etmək üçün bir qədər gözləmək lazımdır”.

Qeyd edək ki, Abışovun hələ debüt etmədiyi “Rubin”də mövqeyində israilli Bibras Natxo ilə ispaniyalı Pablo Orbais oynayır.