Daha üç atletimiz dünya birinciliyində mübarizə apardı
09.04.2013 - 20:31
Daha üç atletimiz dünya birinciliyində mübarizə apardı
Özbəkistanın Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, dünən olduğu kimi bu gün milli komandamızın üzvləri körpücük üzərinə çıxıblar.

Oğlanların yarışında 56 kq çəki dərəcəsinin B qrupunda iki atletimiz – Əhmədov Esmin və İmanzadə Rüstəm mübarizə aparıb.

İdmançılarımız təxminən eyni cür çıxış ediblər. İmanzadə birdən qaldırmada əvvəlcə 90 kq-, sonra isə iki cəhddə 95 kq-ı ram edib. Bu nəticə ilə o, bu hərəkətdə 5-ci olub.

Əhmədov isə əvvəlcə 85 kq-ı başı üzərinə qaldırıb. Ancaq 90 kq-ı iki dəfəyə qaldıra bilməyən Esmin, bu hərəkətdə 19-cu pillədə qərarlaşıb. Təkanla qaldırmada İmanzadə 115 kq-ı uğurla qaldırandan sonra, 120 kq-ı iki dəfə ram edə bilməyib. Nəticədə o, bu hərəkətdə 9-cu yeri tutub.

Əhmədov isə 110 kq-ı iki cəhddə qaldırandan sonra, 116 kq-a gəlib və onu uğurla qaldırıb. Esmin bu hərəkətdə 8-ci olub. Toplamda B qrupunda Rüstəm İmanzadə 210 kq-la (95 kq + 115 kq) 8-ci, Əhmədv Esmin isə 201 kq-la (85 kq + 116 kq) 11-ci yeri tutub.

İdmançılarımızın yekun sıralamadakı yeri “A” qrupunda yarışlar bitəndən sonra müəyyənləşəcək.

Millimizin oğlan üzvlərindən sonra bir qızımız da mötəbər yarışda gücünü sınayıb. Məhərrəmova Mərziyyə 48 kq çəki dərəcəsinin “A” qrupunda çıxış edib.

İlk dəfədir dünya çempionatında yarışan gənc atletimiz birdən qaldırma hərəkətində əvvəlcə 60 kq çəkinin öhdəsindən gəlib. Ancaq təəssüf ki, sonra sifariş verdiyi 63 kq-ı ram etmək Mərziyyəyə qismət olmayıb. Məhərrəmmova təkanla qaldırma hərəkətində bir qədər yaxşı çıxış edib. O, əvvəlcə 75 kq, sonra isə 78 kq-ı başı üzərinə qaldıra bilib. Mərziyyənin 80 kq-a yanaşması isə uğursuz alınıb.

Beləliklə, yarışları toplam 138 kq-la (60 kq + 78 kq) başa vuran idmançımız yekun sıralamada 12-ci yeri tutub.