Arçil Arveladze: Mənim arzum Bakıda çin oldu – MÜSAHİBƏ
02.05.2013 - 09:16
Arçil Arveladze: Mənim arzum Bakıda çin oldu – MÜSAHİBƏ
Gürcüstan yığmasının və “Trabzonspor” klubunun sabiq futbolçusu Arçil Arveladzenin apasport.az saytına müsahibəsi

- Azərbaycanlı veteranlarla 3:3 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə 2 qol vurdunuz. Sizi matçın əsas qəhrəmanı saymaq olar?
- Yox. Düşünürəm ki, hər şey istədiyimiz kimi alındı. Bu qədər insanın qarşısında ötənlərin məşhur futbolçularını görmək xoş idi. Yoldaşlıq görüşündə möhtəşəm atmosfer vardı. Hamını bu gün münasibətilə təbrik etmək istərdim. Azərbaycanda böyük bayramdır. Biz gürcülər həmişə Azərbaycana gəlməyə və belə oyunda meydana çıxmağa şadıq.

- Əkiz qardaşınız Şota da Bakıya dəvət edilsə də, gələsi olmadı. Uzun illər birgə oynadığınız qardaşınız üçün darıxmırdınız?
- Əlbəttə, darıxırdım. Biz əkizik və həmişə qardaşım üçün darıxıram. Bununla belə, böyük qardaşım – Revaz bu gün yanımda idi.

- Azərbaycanlı futbol veteranlarının oyunu sizdə hansı təəssürat oyatdı?
- Bu gün oynayanları çoxdan tanıyıram. Onda onlar SSRİ dövründə oynayırdılar. Mən həmin vaxt balaca idim, ancaq həmişə oyunlarına baxırdım. Çivadze, Kipiani nəslini həmişə sevərək, azarkeşlik edirdim. Mənim bu gün, Bakıdakı oyunda arzum çin oldu. Çünki tanınmış futbolçularla oynadım.

- Bizimkilərdən kimi tanıyırdınız?
- Adları ilə hamını.

- Kimin oyunu daha çox xoşunuza gəldi?
- Onlar böyük futbol oynadıqları zaman xoşuma gəlirdi. Təəssüf ki, bizlər heç də həmişə yaxşı formada deyilik. Bunun nəticəsidir ki, həm sizinkilər, həm də biz əvvəlki oyunumuzu göstərə bilmirik. Ancaq istənilən halda, mən AFFA-ya bizi dəvət etdiklərinə görə minnətdarlıq edirəm.

- Sizə məhsuldar ötürmə verən “Mançester Yunayted”in sabiq futbolçusu Duayt Yorkla hücumda bir oynamaq necə idi?
- Əlbəttə yaxşı. York kimi böyük futbolçu ilə hücumda oynamaq çox yaxşıdır. Ancaq digər böyük futbolçular vardı ki, onlar SSRİ-də, Almaniyada, Yuqoslaviyada, Ukraynada gözəl oyun göstəriblər. Açığı deyim ki, mənə Bernd Şusterlə bir oynamaq çox xoş idi.

- Futbolçu karyeranızı bitirsəniz də, məşqçi işləmirsiniz. Gələcəkdə Azərbaycanda bir işdə çalışmaq istərdiniz?
- Bundan şad olaram. Çünki sizin xalqı sevirəm. Yenidən Azərbaycanda olmaq istərdim.

Mehman SÜLEYMANOV