“Rüştüyə qol vurmaq hər adama qismət olmur”
02.05.2013 - 13:50
“Rüştüyə qol vurmaq hər adama qismət olmur”
“Rüştü Rəcbərə qol vurmaq hər adama qismət olmur”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan veteranlar yığmasının futbolçusu Samir Ələkbərov deyib.

Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yoldaşlıq görüşündə sonradan meydana çıxan 45 yaşlı keçmiş hücumçu fərqlənməyi bacardı.

Belə ki, Ələkbərov ikinci hissənin əvvəlində başla topu uzaq küncə yönəldərək, yenicə qapıda duran Rüştü Rəcbəri məyus etdi və komandamızı oyunda ilk dəfə hesabda irəli çıxardı: “Birinci dəfə deyil ki, başla topu qapıdan keçirirəm. Mən SSRİ dövründə Rinat Dasayevə, Mixail Buryukova başla, ayaqla qol vurmuşam. Rüştüyə cavan vaxtı da olsa qol vurardım. Rəqib futbol göstərirdi. Biz də çalışırdıq ki, ulduzlardan geri qalmayaq. Hətta hesabda irəli çıxdıq. Axırda bir az yorğunluq özünü göstərdi. Belə çıxır ki, 80-ci illərin futbolçuları öz sözünü dedi”.

Qeyd edək ki, matç 3:3 hesabı ilə nəticələndi.

Mehman SÜLEYMANOV
0