“Neftçi”də oynamaq o deməkdir ki...”
03.05.2013 - 13:32
“Neftçi”də oynamaq o deməkdir ki...”
“Mövsüm sona yaxınlaşdıqca çempionatın gərginliyi daha da artır. Artıq marafonun sonuna yaxınlaşırıq. Bütün oyunlara maksimum nəticə qazanmaq üçün çıxmalıyıq. Qarşıdakı matçlarda xal itkisinə yol vermək olmaz”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin paraqvaylı futbolçusu Erik Ramos deyib.

Cari mövsümdən ölkəmizdə çıxış edən yarımmüdafiəçi klubunun rəsmi saytına açıqlamasında qarşıdakı turda “Qarabağ”la oyun, çempionatın sonluğu haqda fikirlərini açıqlayıb. Erik bildirib ki, ilk pillədə olmaqları onları arxayınlaşdırmır: “Qarabağ”la oyun vacib olsa da həlledici deyil. Onu deyim ki, rəqibimiz güclü komandadı. Hələ bu oyundan sonra çempionatın bitməsinə 3 tur qalacaq. Həm fərdi, həm də komanda şəklində güclüyük. Komandanın fiziki-taktiki cəhətdən güclü olması kifayət etmir. Qələbələrimizin əsasında həm də komandadakı əhval-ruhiyyə dayanır. Burada bir ailə, bir yumruq kimi birləşmişik”.

Ramosun sözlərinə görə, çempionat bitəndən sonra kubokun finalı haqda düşünəcəyik: “Bu yerə qədər gəlmişiksə, dayanmaq niyyətimiz yoxdur. “Qızıl dubl” etmək şansımız var. “Neftçi”də oynamaq o deməkdir ki, sənə böyük etimad göstərirlər və biz bu etimadı sona kimi doğrultmalıyıq. Qarşıdakı görüşlərdə də güclü azarkeş dəstəyinə ehtiyacımız var. İnanıram ki, onlar da bizi tək buraxmayacaq”.
0