“Neftçi” – yenə erkən çempion...
06.05.2013 - 10:30
“Neftçi” – yenə erkən çempion...
Topaz Premyer Liqasının XXIX turu ölkə çempionatında bir sıra məsələlərə vaxtından əvvəl aydınlıq gətirdi. Apasport.az saytının məlumatına görə, hadisələrin belə axarı qarşıdakı XXX tura növbəti oyunları formallığa çevirmək imkanı yaratdı.

Hesabat turu “İnter”, “Qəbələ” və AZAL üçün həlledici oldu. “Bankirlər” “Bakı” üzərində növbəti qələbəni qazanmaqla, ilk “üçlük”də yerini təmin etdilər. “Neftçi” və “Qarabağ”la yanaşı, mükafatını rəsmiləşdirən “İnter” sona 3 tur qalmış 4-cü pillədəki “Simurq”dan 10 xal öndədir. Bu isə “İnter”i də digər 2 mükafatçı ilə yanaşı avrokubolara daşıyıb.

“Qəbələ” Zaqatala təmsilçisi ilə əyani dueldə 0:2 hesabı ilə uduzaraq, qitə səhnəsinə çıxmayacağını rəsmiləşdirdi.

İkinci “altılığ”ın ən yaxşısı da artıq müəyyənləşib. Sona 3 tur qalmış ən yaxın izləyicilərini 11 xal arxada qoyan AZAL rəsmən 7-ci olub. Paytaxt təmsilçisi bunu “Turan”a 2 cavabsız qol vurmaqla həll edib.

Lisenziyalaşma prosesindən üzüağ çıxmayan “Turan”la “Kəpəz”in aşağı dəstəyə yuvarlandığının da rəsmiləşdiyini nəzərə alsaq, XXIX turda baş verən bu hadisələrdən sonra mövsümlə bağlı sualların sayı azalıb. İndi yalnız mükafatların necə bölüşdürülməsi, Çempionlar Liqasına kimin yollanacağı və avrokuboklara son vəsiqənin sahibi bəlli deyil.

Bu suallara da artıq mayın 9-da aydınlıq gələ bilər. Qələbə günündə münasibətlərini ayırd edəcək ilk “altılıq” komandaları çempionun adına aydınlıq gətirə bilər. Bu isə eyni zamanda avrokuboklarka bağlı bütün məsələlərə nöqtə qoyulması deməkdir.

Qızıl medalların 1 addımlığında olan “Neftçi” ardıcıl 3 mövsümdür xala həsrət qoyduğu “Simurq”u qəbul edəcək. “İnter”in ilk “üçlük”də yerini təmin etməsi ilə bürünc xəyalları “üçan” zaqatalalıların son 2 ilin çempionunu büdrədəcəyi inandırıcı görünmür.

Arxada qalan turda “Qarabağ”a yerini göstərən, Qurban Qurbanovun yetirmələrinin çempionluq üçün yetişmədiyini, ağdamlıların qızıl iddialarının meydana öz əksini tapmadığını bir daha sübut edən “Neftçi” ardıcıl 3-cü dəfə çempion olacağına şübhə edən çətin tapılsın. Sadəcə, bakılıların qızılı XXX, yoxsa növbəti turlarda rəsmiləşdirməsi sual olaraq qalır.

Azərbaycan futbolu tarixində ardıcıl 3 dəfə çempion titulunu qazanan ilk klub olmaq üçün “Neftçi”nin qulağı “Şəfa”da olacaq. Çünki bu turda “İnter”in qonağı olacaq “Qarabağ”ın xal itirməsi “ağ-qaralar”ı sevindirəcək. Gümüş uğrunda mübarizədə ağdamlılardan 1 xal geridə olan “bankirlər” rəqibini büdrətməklə, “Neftçi” ilə “Xəzər Lənkəran”ı sevindirəcək. Bu üzdən də təkcə 7 qat çempionun deyil, həm cənubluların, həm də 4-cü yerlə avrokubokıara çıxmağa ümid edənlərin – “Bakı” ilə “Simurq”un da qulağı “Şəfa”da olacaq.

Çünki “Neftçi” qalib gəlsə, “Qarabağ” xal itirsə və ya bakılılar heç-heçə etsə, ağdamlılar uduzsa artıq çempion bilinəcək. Bu halda 1992, 1995/96, 1996/97, 2003/04, 2004/05, 2010/11, 2011/12 mövsümlərinin ən yaxşısı olan “Neftçi” 8 dəfə zirvədə yerinki təmin edəcək. Bu isə Böyükağa Hacıyevin yetirmələrini Çempionlar Liqasına, Azərbaycan kubokunun finalında bakılıların rəqibi olan “Xəzər Lənkəran”ı avtomatik Avropa Liqasına daşıyacaq.

Belə olan halda, uzun fasilədən sonra bərpa olunan Azərbaycan Superkubokunda da “Böyük oyun”un baş tutacağı rəsmiləşəcək. Son 2 ildə vaxtından əvvəl 1-ci yeri təmin edən “Neftçi” yenə bunu bacarsa, son 2 tur yalnız gümüş medalın sahibi baxımından həlledici olacaq.