Başıbəlalı Superkubok
06.05.2013 - 14:40
Başıbəlalı Superkubok
Azərbaycan Superkuboku uğrunda matçın keçirilməsi iştirakçı komandaların hazırlıq planlarına təsir edəcək. Apasport.az saytının məlumatına görə, təqvimə salınmış bu qarşılaşma klublarımızın avrokuboklarda növbəti mövsümə startından 1 həftə əvvəl keçirilməlidir.

Təmsilçilərimiz Avropa Liqasında iyulun 4-də mübarizəyə başlayacağından, Superkubok avtomatik iyunun 27-də olmalıdı. Bu vaxt isə adətən klublar Avropada təlim-məşq toplanışında olurlar. Özü də adətən iyunun ortasında səfərə çıxan təmsilçilərimiz uzun müddət vətəndən kənarda qalırlar. Püşkatmanın nəticəsini gözləyən komandalardan ilk oyununu səfərdə keçirənlər geri qayıtmayıb, birbaşa həmin ölkəyə yollanırlar.

Ancaq indi vəziyyət fərqlidir və neçə vaxtdır yenidən keçirilməyi gündəmdə olan Superkubokun baş tutması ilə planlarda dəyişiklik olmalıdır. Hər halda, çempionat və kubok kimi, Superkuboka da cavabdeh olan Peşəkar Futbol Liqası iştirakçıların diqqətinə həmin vaxt mütləq Bakıda olmağı çatdırıb.

Qurum hələlik ölkə kubokunun finalına hazırlaşdığından bu məsələdə bir qədər gözləmə mövqeyi tutur. Tofiq Bəhramov adına Respublika stadionunda yüksək səviyyədə keçirilməyi nəzərdə tutulan Superkubokdan ay yarım öncə çempionla ölkə kubokunun sahibi bəlli deyil. Ancaq həlledici matçda “Neftçi” ilə “Xəzər Lənkəran”ın oynayacağı məlumdur. “Ağ-qaralar” 1 addımlığında olduğu çempionluğu artıq növbəti turda bunu rəsmiləşdirə bilər. Mayın 28-də keçiriləcək Azərbaycan kubokunun finalına da çıxan “Neftçi” orda “Xəzər Lənkəran”a rəqibdir.

Burda bir məqam da var ki, “Neftçi” həm çempionluğu, həm də ölkə kubokunu qazanaraq “qızıl dubl” etməyə yaxındır. Bu zaman isə qaydaya görə, Superkubok uğrunda oyunda çempion kubokun finalçısı ilə üzləşməlidir. Deməli, azarkeşlərin həmişə böyük maraqla gözlədiyi “Neftçi” - “Xəzər Lənkəran” duelinin ilk dəfə Superkubokda olacağı qaçılmazdır.

Göründüyü kimi, ya həmin vaxt xaricdə olan Superkubok iştirakçıları təlim-məşq toplanışı yarımçıq başa vurub Bakıya qayıtmalı, ya da oyundan sonra ölkəni tərk etməlidir. Bu cəhətdən lənkəranlıların işi daha çətindir. Çünki onların Avroliqada oyunu tez – I təsnifat mərhələsindədir və vaxt azlığı problem yaradır. “Neftçi” isə Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başladığından, matçı iyulun ortasındadır. Deməli, bakılıların vaxtı çox olduğundan, rahatlıqla Superkubokdan sonra xaricə gedə bilər.

Mehman SÜLEYMANOV
0