Aleksandr Səmədov Azərbaycan yığmasına gəlirmiş
07.05.2013 - 11:55
Aleksandr Səmədov Azərbaycan yığmasına gəlirmiş
“2004-cü ildə Səmədovun Rusiya və Azərbaycan arasında seçim etməyi mənim üçün bir məşqçi kimi çətin an idi. Bütün yoldaşlıq görüşlərində bizdə oynamış Aleksandr Slovakiya ilə start oyunu öncəsi birdən bəyan etdi ki, Azərbaycan yığmasında çıxış etmək istəyir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın gənclər yığmasının sabiq baş məşqçisi Andrey Çernışov deyib.

Moskvanın “Dinamo” və “Spartak” klublarında, eləcə də yığmadakı çıxışı ilə tanınan rusiyalı müdafiəçi soydaşımız Aleksandr Səmədovun ilk dəfə - hələ Karlos Alberto Torresin vaxtında millimizə gəlmək variantından danışıb.

Həmin vaxt 21 yaşlılardan ibarət yığmanı çalışdıran Çernışovun sözlərinə görə, Səmədovu razı salmaq üçün çox əziyyət çəkməli olublar: “Belə başa düşürəm ki, ona böyük pullar təklif olunmuşdu. Üstəlik, azərbaycanlılar həmin vaxt İngiltərə ilə bir seçmə mərhələdə oynayırdı. “Uembli”də meydana çıxmaq, futbolun tarixi vətənində parıldamaq da öz sözünü deyirdi. Saşanı Rusiya Futbol İttifaqına çağırdılar. Onunla mən də danışdım, agenti Oleq Artyomovu futbolçunu fikrindən daşındırmaq üçün işə qoşdular. Ancaq heç bir şey alınmırdı və Səmədov dediyinin üstündə dururdu ki, Azərbaycanı seçirəm! Birmənalı şəkildə buna köklənmişdi”.
0