“Andrey Arşavinin Azərbaycanda oynaması az inandırıcıdır”
08.05.2013 - 17:12
“Andrey Arşavinin Azərbaycanda oynaması az inandırıcıdır”
Andrey Arşavinin yayda “Arsenal”ı tərk etdikdən sonra karyerasını harda davam etdirməsi hələ də Rusiya mətbuatında müzakirə olunur. Apasport.az-ın məşhur “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, 31 yaşlı Rusiya yığmasının sabiq kapitanı karyerasını İngiltərə Premyer Liqasının 3 və Rusiya çempionatının 1 klubunda davam etdirə bilər.

Adıçəkilən qəzetin yazarı Timur Qaneyev Arsen Vengerin yaxın dostu, məşhur macarıstanlı hakim, hazırda futbol agenti işləyən Şandor Varqa və Pavel Poqrebnyakla söhbət zamanı bu qənaətə gəlib. Müəllif bildirib ki, Arşavin Azərbaycan və Avstraliyadan təklif alsa da, bu ölkələrdə oynamaq istəmədiyindən orda çıxış etmək varianti az inandırıcıdır.

“Zenit”in sabiq kapitanı, hazırda həmin klubda əvəzedici komandanın məşqçisi olan Vladislav Radimov isə Arşavinin əziyyət çəkmədən özünə klub tapa biləcəyini deyib: “Fikrimcə, Arşavin səviyyəsində olan futbolçuya Rusiya və digər ölkələrdən təklif olmalıdır. Digər tərəfdən o, özü necə köklənib. Düşünürəm ki, onun karyerasını harda davam etdirəcəyini tezliklə biləcəyik. Andrey istənilən komandanı gücləndirə bilər”.

Qeyd edək ki, Arşavinin “Arsenal”la müqaviləsinin müddəti iyunun 30-da başa çatır. “Topçular” 2009-cu ildə onu 24 milyon avroya alsa da, indi onun transfer məbləği 4,5 milyon avro dəyərində qiymətləndirilir. Rusiyalı yarımmüdafiəçi “Arsenal”da bütün turnirlər ərzində 144 matçda oynayıb, 31 qol vurub və 38 məhsuldar ötürmə verib.