Atletimiz dünya birinciliyində 5-ci oldu
09.05.2013 - 20:26
Atletimiz dünya birinciliyində 5-ci oldu
Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparan Azərbaycan milli komandasının üzvlərindən daha biri körpücük üzərinə çıxıb.

85 kq çəki dərəcəsində qüvvəsini sınayan Kamran İsmayılov birdən qaldırma hərəkətində əvvəlcə 142, sonra isə 146 kq-ın öhdəsindən gəlib. Sonuncu yanaşmasında isə atletimiz 148 kq sifariş verib. Ancaq çəki onun üçün ağır gəlib və idmançımız bu hərəkətdə 4-cü olub.

Təkanla qaldırma hərəkətində isə İsmayılov birinci yanaşmasında 175 kq-ı ram edib. Növbəti iki cəhddə idmançımız 181 kq-la mübarizə aparıb. Üçüncü yanaşmasında da çəkinin öhdəsindən gələn Kamran, bu hərəkətdə 5-ci olub.

Toplamda 327 kq (146 kq + 181 kq) nəticə göstərən İsmayılov gənclər arasında dünya çempionatında 5-ci pilləyə sahib çıxıb.

Qeyd edək ki, sözügedən yarışda atletlərimizdən Valentin Xristov (62 kq) qızıl, Nicat Rəhimov (77 kq) gümüş və Firudin Quliyev (69 kq) isə bürünc medal qazanıb.
0