Premyer Liqada və I divizionda pul mükafatı ləğv edildi
14.05.2013 - 13:26
Premyer Liqada və I divizionda pul mükafatı ləğv edildi
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk 3 yerin sahiblərinə verilən pul mükafatı ləğv olunub. Lent.az-ın məlumatına görə, cari mövsümdən etibarən yüksək liqada qalib və mükafatçılara Peşəkar Futbol Liqası (PFL) yalnız qızıl, gümüş və bürünc medallar təqdim edəcək.

Halbuki ötən mövsümədək çempion 150 min, vitse-çempion 100 min, 3-cü yerin sahibi isə 70 min manata da sahib olurdu. Bu il isə yalnız Azərbaycan Kubokunun qalibi yenə 100 min manat, finalçı isə 50 min manat mükafatını alacaq. I diviziondan Premyer Liqaya yüksələcəkləri halda isə ilk pillənin sahibinə 100 min manat, 2-ci yeri tutana isə 70 min manat mükafat veriləcək. Amma növbəti mövsüm Topaz Premyer Liqasında 10 komanda mübarizə aparacağından, I diviziondan heç bir komanda elitaya yüksəlməyəcək. Bu isə o deməkdir ki, aşağı liqada çempion və vitse-çempionu da pul mükafatı almayacaq.

Məlumatı Lent.az-a PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib.

Qeyd edək ki, Topaz Premyer Liqasının qalibi yalnız bir halda pul mükafatına sahib olacaq. 2013-cü ildən bərpası nəzərdə tutulan Superkubok matçında çempion ölkə kubokunun qalib və ya finalçısını yensə, 100 min manat, yenilsə 50 min manat qazanacaq.
0