Ağ-qara çempionluq
14.05.2013 - 23:25
Ağ-qara çempionluq
"Neftçi" bunu da bacardı. Paytaxt klubu ardıcıl 3 dəfə qızıl medallara sahib çıxmaqla milli çempionatımızda yeni bir tarix yazdı. Ancaq "ağ-qaralar"ın bu uğuru da ağ və qara çalarların vəhdətindən ibarətdi. Böyükağa Hacıyevin komandası çempionluğa layiq olsa da, qət edilən yolda "qızıl"a kölgə salan məqamlar da yaddaşlarda iz buraxıb.

Yazılan yeni tarix

2004/05 mövsümündən başlayaraq, bir qayda olaraq çempionun adı sonuncu turda bəlli olurdu. Ancaq "ağ-qaralar" özləri başladıqları ənənəni elə özləri pozdular. Paytaxt klubu 2010/11 mövsümünün bitməsinə 3 tur qalmış titula sahib çıxdı. Arif Əsədovun rəhbərlik etdiyi kollektiv XXIX turda səfərdə AZAL üzərində qazandığı 3:1 hesablı qələbə ilə xalını 65-ə çatdırdı ki, bu da ölkənin ən köklü klubuna rəqiblərini qabaqlamağa imkan verdi.
Böyükağa Hacıyevli "Neftçi" isə 1 tur gecikdi. Belə ki, "ağ-qaralar" ötən birincilikdə finişə 2 həftə qalmış qızıl medalları özləri üçün təmin etdilər. Paytaxt təmsilçisi XXX turda evdə "Qarabağ"ı 2:1 hesabı ilə yenib, xalını 63-ə çatdırdı. Və bu, çempionluğu bayram etmək üçün yetərli oldu.
Yeri gəlmişkən, "Neftçi" ötən mövsüm titulunu qorumaqla Premyer Liqamızda 5 illik ənənəyə son qoydu. 2005/06 mövsümündən başlayaraq hər il qızıl mükafatçı dəyişirdisə, bakılılar ardıcıl 2-ci dəfə çempionluq tituluna sahib olmaqla buna imkan vermədi. Maraqlıdı ki, bunadək də titulunu növbəti mövsüm qoruyan son komanda məhz flaqman olmuşdu. Həmin vaxt paytaxt təmsilçisi 2003/04 və 2004/05 mövsümlərini qazanmışdı.

"Neftçi" başa vurmaqda olduğumuz mövsümdə titulunu qoruya bilsə də, yenə yubandı. Paytaxt təmsilçisi bu dəfə XXXI turda çempionluğunu rəsmiləşdirdi. Ancaq bu "qızıl"ın dəyəri daha böyükdü. Çünki söhbət yeni rekorddan, yazılan yeni tarixdən gedir. "Ağ-qaralar" ardıcıl 3 dəfə çempionluğu bayram edən ilk komanda kimi yaddaşlarda qalacaq.

"Neftçi"yə rəqib "Neftçi"nin özüdü

"Neftçi"nin budəfəki çempionluğunun yubanmasını mənfi hal kimi qeyd etmək, əslində, "ağ-qaralar"ı daha da böyütmək anlamına gəlir. Önəmli olan titulu qorumaqdı. Necə deyərlər, gec olsun, güc olsun!
Əslində, Böyükağa Hacıyevin komandasının XXXI turda çempionluğu rəsmiləşdirməsi bir qədər aldadıcı görüntüdü. Belə ki, "Neftçi"nin titulunu qorumaq üçün ekstragüc sərf etdiyini, ciddi rəqabətlə üzləşdiyini söyləmək olmaz. Düzdü, "Qarabağ"la "İnter" sonadək çempionun yaxasını buraxmadılar.
Ancaq ağa ağ, qaraya qara demək lazımdı: cari çempionatda "Neftçi"yə sözün əsl mənasında rəqib olacaq komanda görmədik. Əbəs yerə Hacıyev dəfələrlə "Neftçi"yə rəqib elə "Neftçi"nin özüdü" söyləmirdi ki. Həqiqətən flaqman bəzi oyunlarda arxayınçılığın, rəqibi qiymətləndirməməyin, Avroliqadakı çıxışdan dolayı eyforiyaya qapılmağın qurbanı oldu. Əks halda, qızıl medalların taleyi çoxdan həll olunmuşdu.

"Xəzər Lənkəran" və AZAL çempionluq uğrunda mübarizə bir yana, heç ilk "altılığ"a düşə bilmədilər. "Bakı" ilə "Qəbələ" bunu bacarsa da, bu kollektivlərin zirvə yarışında yer almayacağını təxmin etmək çətin deyildi. "Böyük qardaş" amili "Simurq"un hədəfini avrokuboka vəsiqə qazanmaqla məhdudlaşırdığından böyük səhnədə 3 komanda qaldı: "Neftçi", "Qarabağ" və "İnter".

"Bankirlər" bu heyətlə mükafatçılar sırasına düşdükləri üçün baş məşqçi Kaxaber Sxadadzeyə minnətdar olmalıdı. Komanda imkanlarından artığını etdi, "bürünc" qazandı. Ancaq "Neftçi" ola-ola bugünkü "İnter"in çempion olması qeyri-mümkündü. Bunu bu kollektivlərin öz aralarındakı oyunlarda da gördük.

Deyəcəksiz ki, şəxsi oyunlara görə "Qarabağ" "Neftçi"dən üstündü. Bəli, "ağ-qaralar" 3 dəfə ağdamlılara uduzdular. Ancaq ölkə kubokunun yarımfinal görüşləri göstərdi ki, Hacıyevin komandası rəqibindən bir baş üstündü, həlledici məqamlarda səviyyəsini göstərir.

Əslində, məsələyə kimin kimi udması və ya uduzması prizmasından yanaşmaq bir qədər düzgün deyil. Önümüzdə bəlli bir mənzərə var: Premyer Liqada çıxış edən 12 klubdan yalnız "Heftçi" rəqiblərindən ciddi şəkildə fərqlənir. İstər heyət, istərsə də oyun planı baxımından. "Zəif"in əlində oturuşmuş heyət və daha sanballı futbolçular var. Siz "Qarabağ" və "İnter"in hərəsindən 3 oyunçu adı çəkə bilərsizmi ki, onlar "Neftçi"də daim ilk "11-liy"ə düşəcək səviyyədə olsunlar? Məncə, heç bir komandada bu sayda tələblərə cavab verən futbolçu yoxdu.

Təbii ki, fərdi planda götürəndə medallara əli çatmayan "Bakı"nın da, "Qəbələ"nin də heyətində yaxşı futbolçular var. Ancaq söhbət qarşılıqlı anlaşmadan və oturuşmuş heyətdən gedirsə, burada "Neftçi" hamıdan öndədi. Və fikrimcə, "ağ-qaralar"ın titulunu qormasının əsas səbəbi budu.

"Neftçi"nin heyəti ötən mövsüm də güclü idi. Ancaq yay fasiləsində Nikolas Kanales kimi sanballı hücumçunun transfer olunması, Mahir Şükürov, Bruno Bertuççi və Erik Ramosun gəlişi komandanın gücünə güc qatdı. Üstəlik, bu heyət Avroliqa oyunlarında "bişməklə" uğurun zəmanəti oldu.

"Neftçi"nin qucağından əl çəkməyənlər

Qeyd etdiyim kimi, cari çempionatda "Neftçi"yə tən rəqib yoxdu. Ancaq təəssüf ki, "ağ-qaralar"ın əldə etdikləri "qızıl"a kölgə salan məqamlar da var ki, bunun da əsas günahkarı elə özləridi.
Hakim səhvlərindən, yanlış penaltilərdən xeyir görənlərin turnir cədvəlini tərtib etsək, "Neftçi" rəqiblərini böyük fərqlə qabaqlayar. "Ağ-qaralar"ın iştirakı ilə keçən oyunlarda dəfələrlə hakimliklə bağlı qalmaqallar yaşandı.

Anar Salmanov, Rəhim Həsənov, Rauf Cabbarov kimi referilər "Neftçi"nin lehinə elə qərarlar çıxartdılar ki, bunun səhv yox, qərəz olduğunu anlamamaq üçün kor olmaq belə kifayət deyil. Ancaq bu, elə bir işdi ki, gərək hansısa klubu hakimi almaqda günahlandırmaq üçün əlində fakt olsun. Dəqiq olan bir şey var: bəzi hakimlər meydana "Neftçi"yə kömək etmək məqsədi ilə çıxırlar. Və bu, "ağ-qaralar"ın çempionluğuna kölgə salan əsas məqamdı. Halbuki paytaxt təmsilçisinin "qızıl" qazanmaq üçün Həmzəyevin, Salmanovun, Həsənovun köməyinə ehtiyacı olmadığını düşünürəm. Amma nə hikmətdisə, bəzi hakimlər "Neftçi"nin qucağından əl çəkmir ki, çəkmir...

Hacıyevin "zamıkaniyaları"
Tam səmimi deyirəm: Böyükağa Hacıyev Premyer Liqamızın yaraşığıdı. Söhbət təkcə onun məşqçilik bacarığından getmir. "Zəif" kimi 3-5 dil pərgarı olsaydı, çempionatımız daha maraqlı keçərdi. Mətbuat konfranslarında "rəqib güclü komandaydı, ilk hissədə biz, fasilədən sonra rəqib yaxşı oynadı" deməklə kifayətlənən məşqçilərin əlindən usanmışıq. Elə söz demək lazımdı ki, intriqa, maraq olsun. Ancaq cari mövsümdə Hacıyevin də Ramin Musayev demişkən, "zamıkaniya" verdiyi anlar oldu.

"Zəif" efirdə onun komandasının nöqsanlarını dilə gətirən Gəray Qarayevin sağlam tənqidini həzm edə bilməyib, onunla söz duelinə çıxmaqla kifayətlənsəydi, diqqəti bir o qədər çəkməzdi. Amma "barıt"ı çox edib, AFFA və PFL-i bombalamaq - bu, bir az ağ oldu.
Təbii ki, Hacıyevin fikirləri mətbuat üçün əla mövzudu. Ancaq Böyükağa bəy bu cür çıxışlarla özünə zərər verə bilər ki, açığı, həmin həngamələrdən sonra onun kreslosunun laxlamamağı mənə bir qədər qəribə gəldi. Görünür, "Sağ olsun Sadıq müəllim" ifadəsinin kəraməti işə yarayır.

Hacıyev bu il 2 dəfə sözün əsl mənasında sərhəddi aşdı. O, əvvəlcə millimizin baş məşqçisi Berti Foqtsun və federasiyanın ünvanına ciddi ittihamla çıxış etdi. Hacıyev bildirdi ki, almaniyalı mütəxəssis kimlərinsə sifarişi ilə "Neftçi"dən az sayda oyunçunu yığmaya çağırır. Böyükağa bəy həmçinin, AFFA-da "ağ-qaralar"ın uğurlarını gözü götürməyən 2 şəxsin olduğunu, onların kimliyini jurnalistlərin araşdırıb üzə çıxarmaları gərəkdiyini də söyləmişdi. XXV tur çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" (1:2) oyundan sonra aydın oldu ki, Böyükağa bəyin nəzərdə tutduğu şəxslərdən biri PFL prezidenti Ramin Musayevdi.

Sən demə, sözügedən şəxs vaxtı ilə vitse-prezidenti olduğu klubun çempion olmasını istəmir. "Zəif" PFL rəhbərini "Neftçi"yə badalaq vurmaqda suçladığı bir vaxtda Tahir Süleymanov da çıxıb bəyan etdi ki, "ağ-qaralar"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına mane olmaq istəyirlər.

"Qarabağ"la görüşdən sonra mətbuat konfransındakı həngaməyə görə İntizam Komitəsi "Neftçi"ni 33200 manat cərimələnməklə yanaşı, baş məşqçi Böyükağa Hacıyev 10, seleksiyaçı məşqçi Bəxtiyar Musayev 5 oyunluq "texniki zona"da dayanmaq hüququnu itirdi. Ancaq sonradan Hacıyevin cəzası 3 matça endirildi ki, bu da qərarın "qulaqburma" xarakterli olduğunu göstərdi.

Avroliqada uğursuz "siftə"

"Neftçi"nin cari çempionatdakı çıxışını dəyərləndirərkən "ağ-qaralar"ın Avroliqadakı performansına da mütləq toxunmaq lazımdı. Dişi çıxmadan iştaha gələnlərin axırının yaxşı olmadığı isbata gərəyi olmayan bir aksiomadı. Və bunu "Neftçi"nin timsalında da gördük. Paytaxt klubunun böyük səhnədə üzə çıxan ayıblarına yamaq vura-vura daha gülünc duruma düşdüyü məqamlar oldu (Sport Ekspress).

Düzdü, "Neftçi" Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı, futbolumuz adına ilkə imza atdı deyə, hamımız sevindik, bu uğuru gözümüzdə böyüdüb, bayram etdik. Hərçənd, məsələn, postsovet məkanından olan Belarus BATE-sinin Çempionlar Liqasının qrup mərhələsində "Bavariya" kimi top-klubu kötəkləməsinin fonunda Milan "İnter"inin ikinci heyətinə uduzan "Neftçi"nin böyük iş gördüyünə inanmaq bizim cılızlığımızdı.
Hər bir klub istər ki, qitəmiqyaslı turnirlərin qrup mərhələsində mübarizə aparsın. Düzdü, Avroliqa bizim üçün dünənəcən əlçatmaz arzu olsa da, tanınmış komandaların bu yarışa barmaqarası baxdığı bir reallıqdı. Amma necə deyərlər, pilləkənləri bir-bir çıxmaq lazımdı. Ötən yay ilk dəfə olaraq, ölkəmizi təmsil edən bir komanda da başını başlara qoşub, avrokubokda qruplara qaldı. Amma təəssüf ki, eyni anda fərqli cəbhələrdə mübarizə aparmaq iqtidarında olmayan bir "Neftçi" gördük. Ümid edirik ki, "ağ-qaralar" böyük səhnədə debüt mövsümündəki səhvlərdən nəticə çıxarıb, qarşıdakı avrokubokda üzümüzü güldürəcək.
0