Vebo “Fənərbaxça”nın yubiley qolunu vurdu
15.05.2013 - 03:30
Vebo “Fənərbaxça”nın yubiley qolunu vurdu
“Fənərbaxça”nın qışda “İstanbul Böyükşəhər Bələdiyəsi”ndən transfer etdiyi Pyer Vebo komandasının yubiley qoluna imza atıb. Apasport.az saytının məlumatına görə, kamerunlu hücumçu Türkiyə Superlqasının XXXIII turu çərçivəsində “Qalatasaray”la oyunda “sarı bülbüllər”in bu mövsüm rəsmi matçlarda 100-cü topunun müəllifi olub.

Vebo bazar günü keçirilən İstanbul derbisində “Fənər”in hesabda geri olduğu bir vaxtda dubl edib. O, matçın 33-cü dəqiqəsində əvvəlcə hesaba tarazlıq gətirib. Qoldan 3 dəqiqə sonra isə Pyer həm komandasını önə çıxarıb, həm də “Fənərbaxça”nın bu mövsüm rəsmi görüşlərdə 100-cü qolu “Cim-Bom”un qapısından keçirib.

Qeyd edək ki, “Fənərbaxça” Vebonun dublu sayəsində hazırkı çempion “Qalatasaray”ı 2:1 hesabı ilə məğlub edib.