Sadıq Sadıqov: Onları “Neftçi”də saxlaya bilmərik - MÜSAHİBƏ
20.05.2013 - 13:38
Sadıq Sadıqov: Onları “Neftçi”də saxlaya bilmərik - MÜSAHİBƏ
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi

- Ardıcıl üçüncü dəfə çempion oldunuz. Deyəsən, bu dəfə daha çətin alındı?
- Bəli, çətin oldu. Bu gün futbolumuz inkişaf edir, nəticə göz qabağındadır. İlk "altılıq"da yer alan klublara diqqət yetirdikdə, hamısının güclü olduğunu demək olar. Avropa Liqasının qrup mərhələsindəki çıxışımız, oyunların sayının çoxluğu, ehtiyat skamyasının qısa olması uşaqlarda yorğunluq yaratmışdı. Sözün düzü, çempion olacağımıza inanmırdım. Çünki futbolçuların gücünün tükəndiyini görürdüm. Bütün bunlara rəğmən, uşaqlarda çempion olmaq istəyi var idi.

- Heyətlə bağlı planlarınız necədir? Hazırkı komanda üzvlərinin hamısını saxlayacaqsınız?
- Sabit heyəti heç vaxt dəyişməzlər. Mayın 28-də ölkə kubokunun final qarşılaşması var. Həmin oyun başa çatdıqdan sonra müqaviləsi başa çatan 3-4 aparıcı oyunçumuzla danışıqlara başlayacağıq. Onların menecerlərinin gəlişini gözləyirik. Bizim üçün mövsüm başa çatmayıb. Onu da deyim ki, Çempionlar Liqasına vəsiqə qazanan, Avropa Liqasının qrup mərhələsində çıxış edən komandandan heç kim ayrılmaq istəmir.

- Qarşıda sizi ölkə kubokunun final oyunu gözləyir. Ötən il “qızıl dubl” şansını son matçda əldən verdiniz. Bəs “Xəzər Lənkəran”la oyun öncəsi komandada vəziyyət necədir?
- Yaxşıdır. “Neftçi”nin əsas uğuru futbolçuların bir-birini yaxşı başa düşməsindən irəli gəlir. Düzdür, ölkə kubokunu ötən il son dəqiqələrdə əldən verdik. Ancaq bu dəfə hər bir çətinliyi aşacağıq. “Qızıl dubl” etmək hər bir klub prezidentinin arzusudur. Qismətimizdə varsa, olacaq.

- “Xəzər Lənkəran” “Neftçi”nin son 9 ildə əsas və əzəli rəqibidir. Futbolçuların daha yaxşı motivasiya olması üçün xüsusi mükafat vəd verilibmi?
- Bizdə kubokun qazanılması üçün ilk gündən mükafat fondu ayrılıb. Kuboku qazanıldıqdan sonra həmin mükafat futbolçulara çatacaq. “Xəzər Lənkəran” iddialı klublarımızdan biridir. Klubun fəxri prezidenti Mübariz Mənsimovun futbolumuz naminə gördüyü işlər göz qabağındadır. Çox güclü bir komanda ilə qarşılaşacağıq. “Bakı” ilə qarşılaşmada bəzi futbolçuların qorunması, meydana çıxanlara isə özlərini zədədən qorumalarının tapşırılması “Xəzər Lənkəran”la görüşə ciddi hazırlaşmağımızdan xəbər verir.

- Ötən il Avropa Liqasının qrup mərhələsində çıxış etdiniz. Bəs yeni mövsümdə hansı nəticə sizi qane edəcək?
- Bu il Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirik. Məqsədimiz yeni bir tarix yazmaqdır. “Neftçi”nin qismətinə tarix yazmaq nəsib olub. Görüləsi işlərimiz çoxdur. Mayın 28-də keçirəcəyimiz oyundan sonra heyəti gücləndirmək üçün 2 ay vaxtımız olacaq. Əgər Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyiriksə, komandaya ən azı 4 güclü futbolçu transfer etməliyik.

- Danışıq apardığınız oyunçular varmı?
- Namizədlərimiz var, özü də həddindən artıq çoxdur.

- Aralarında qapıçı varmı?
- Gəlin, tələsməyək. İlk məqsədimiz “Neftçi”dəki bütün futbolçularla müqaviləni yeniləməkdir. Söhbət qapıçıdan tutmuş digər mövqelərdə çıxış edən futbolçulardan gedir. Çempionluq yaşamış futbolçulardan heç birini yola salmaq fikrimiz yoxdur. Bəzən istisnalar da olur. Məsələn, futbolçu özünə yeni klub tapır və getmək istəyir, biz ona problem yaratmırıq. Ürəyi “Neftçi”də olmayan futbolçunu məcburən saxlaya bilmərik. Ancaq 3-4 yüksək səviyyəli futbolçu transfer edəcəyik.