Yuri Syomin PAOK-a gedir?
20.05.2013 - 13:50
Yuri Syomin PAOK-a gedir?
“Qəbələ”nin baş məşqçi postuna əsas namizədlərdən olan Yuri Syominin müştəriləri arasına Moskva “Lokomotiv”indən sonra Yunanıstan nəhənglərindən biri də düşüb. Apasport.az saytının məlumatına görə, PAOK hazırda məşqçilər arasında Syomin variantı haqda da düşünür.

Saloniki klubu aprelin 28-də Yunanıstan kubokunun yarımfinalında Avroliqada “İnter”i kənarlaşdıran “Asteras”a məğlub olduqdan sonra baş məşqçisiz qalıb. Belə ki, baş məşqçi Giorgos Donis istefaya göndərilib. Bundan sonra komandaya müvəqqəti olaraq Georgios Georgiadis təyin olunub. İndi klubun rusmənşəli sahibi olan İvan Savvidi tarixi vətənində işsiz qalan mütəxəssislər arasından Syomin variantı haqda düşünür.

Qeyd edək ki, Gürcüstanda doğulan İvan İqnatyeviç Savvidi 2002-2005-ci illərdə “Rostov”un prezidenti olub. 2005-ci ildən Rostov-na-Donu OİK-inin rəhbəri olmuş Savvidi ötən ilin avqustundan PAOK-un sahibidir.