Təcrübəlilər yarılandı, zirvə Lomayaya qaldı
20.05.2013 - 15:56
Təcrübəlilər yarılandı, zirvə Lomayaya qaldı
Yay fasiləsi başlayar-başlamaz islahatlara başlayan “İnter” ən təcrübəli oyunçuları ilə də yollarını ayırmaqdan çəkinmir. Apasport.az saytının məlumatına görə, komandadan ayrılan 5 futbolçudan 4-ü təcrübəli “bankir” sayılır.

Klub tarixində çempionatda ən çox – 205 oyun keçirən Vladimir Levinin ardınca bakılıların düşərgəsini tərk edənlərdən Petar Zlatinov (95), İlia Kandlaki (75), Valeri Abramidze (63) də 50 oyun səddini arxada qoyub.

“İnter”in bir neçə gün əvvələ qədərki heyətində cəmi 8 futbolçu klubla çempionatda 50 və daha çox oyun keçirmişdi. Göründüyü kimi, onların da yarısı qara siyahıdadır. İndi komandada qalan ən təcrübəli futbolçu Premyer Liqada 97 dəfə “bankirlər”in qapısını qorumuş Georgi Lomayadır. Onun kimi Asif Məmmədov (87), Arif Daşdəmirov (82), Nizami Hacıyev (66) və Baçana Sxadadze (60) də 50-ni arxada qoyanlardır. Gedənlərdən yalnız Revaz Tevdoradze az – cəmi 6 matç keçirib.


İndiki heyətin 4 ən məhsuldar üzvünün də yarısı “yarpaq tökümü”ndə qərq olub. Düzdür, ən yaxşı bombardir olan Baçana (15) və 3-cü olan Nizami Hacıyev (11) yenə Kaxaber Sxadadzeyə lazım olacaq. Lakin 12 qol vuran müdafiəçi – Levin və 10 dəfə fərqlənən Petar artıq başqa klub üçün qollar vurmağa çalışacaq.