“Bakı”da yeni rekordçu – FOTO
21.05.2013 - 09:26
“Bakı”da yeni rekordçu – FOTO
Heyətində islahatlara start verən “Bakı”da yeni rekordçu peyda olub. Apasport.az saytının məlumatına görə, 6 legionerin heyətdən qovulmasından sonra komanda ilə çempionatda ən çox oyun keçirən və karyerasını elə klubda davam etdirən futbolçu ünvanı dəyişib.

Belə ki, bakılılar bir neçə gün əvvələdək həm oyun, həm qol sayında rekordçu olan Aleksandar Şoliçlə (107 oyun, 18 qol) yollarını ayırdı. Klub tarixində ən çox oyun keçirənlər arasında yalnız Rafael Əmirbəyov və Cəmşid Məhərrəmovdan geri qalan xorvatiyalı da artıq “Bakı” üçün sabiq futbolçudur.

İndiki heyətdə oyun sayında 22-ci olan İbrahim Karqbo (76, 1) da “qara siyahı”da yer alıb. Maraqlıdır ki, bu 2 futbolçunun hər ikisi üçün azərbaycanca internet saytı da açılmışdı. Lakin onların heç birinin buradakı karyerası illərlə ölkəmizdə oynayan bəzi legionerlər qədər uzunömürlü olmadı.

Bu 2 futbolçunun getməsi ilə “Bakı”da çıxış etməkdə olanlar arasında rekord Elvin Əliyevə keçib. 65 matça çıxıb qol vurmayan müdafiəçi öz klubu ilə çempionatda 50 və daha çox matça çıxan yeganə oyunçudur. 50-yə ən yaxın olanlar isə Xavyer Junior (49, 5), Elvin Məmmədov (47, 2), Əziz Quliyevdir (47, 2).

Komandadan qovulan digər 4 legionerdən ikisi - Denis İvanov (48, 3) və Deyvidas Çesnauskis (41, 7) iki, Edin Nureddinoski (24, -15) ilə Edemir Rodriges (17, 2) cəmi 1 mövsümdə “zolaqlılar”ın formasını geyib. Komandadan gedib-getməyəcəyi dəqiqləşməyən Lukas Mario Horvat (38, 3) və Georgi Popxadze (20) də Elvindən çox uzaqdırlar.
0