Nildo lənkəranlı fanatlara səsləndi
21.05.2013 - 11:19
Nildo lənkəranlı fanatlara səsləndi
“Xəzər Lənkəran”ın yeni transferi, braziliyalı hücumçu Junior Nildonun apasport.az saytına müsahibəsi

- AZAL-ın heyətində Topaz Premyer Liqasında keçirdiyiniz son oyunda “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəldiniz. Çempionatı darmadağınla bitirmək xoş duyğu olmalıdı…
- Düzdü, AZAL-da son matçım idi. Bu səbəbdən darmadağında mənim də qolumun olması üçün əlimdən gələni etdim. Ancaq çox çalışsam da, şanslarımdan yararlana bilmədim. AZAL-da 1 il keçirdim, bu komandaya öz evim kimi öyrəşmişdim. Özümü heç vaxt yad hiss etmədim.

- Artıq “Xəzər Lənkəran”la müqavilə bağlamısınız. Bu komanda ilə çempionatda 4 dəfə qarşılaşmısınız. Yeni klubun haqda nə deyə bilərsiz?
- Düzdür, 4 dəfə yollarımız kəsişib. Ancaq “Xəzər Lənkəran” haqda sizin kimi çox məlumatlı deyiləm. Bununla belə, orda yaxşı futbolçular və infrastruktur olduğunu bilirəm. Yeni komandamda ən yaxşı oyunumu göstərməyə çalışacam. Buna söz verirəm.

- Braziliyada paytaxtda, yoxsa bölgədə yaşayırsız?
- Paytaxt Braziliada yaşayıram.

- AZAL-da oynayarkən də paytaxt Bakıda yaşayırdınız. İndi isə bölgəyə - Lənkərana gedəcəksiz. Sizin üçün yaşamaq çətin olmayacaq?
- Yox. Fikrimcə, elə də problem yaratmayacaq. Bu haqda heç fikirləşmirəm də. Bilirsiniz, futbol oynamaq mənim işimdir. Futbolçunun həyatı elədir ki, karyeran boyunca müxtəlif şəhərlərdə oynamalı olursan. Vyetnam və Polşada da bölgədə oynamışam. Ancaq problemlə üzləşməmişəm. Mən Lənkəranda qalmaq istəyirəm və burda heç bir problem görmürəm. Düzdü, hardasa bu baxımdan müəyyən çətinliklər ola bilər. Ancaq düşünürəm ki, bu, peşəkar futbolçunun oyununa təsir etməməlidir.

- Sizi “Xəzər Lənkəran”la yanaşı, başqa klub da istəyirmiş. Bu hansı klub idi?
- (gülür) Düzdü, mənimlə 2 klub maraqlanırdı. Ancaq müqaviləni “Xəzər Lənkəran”la bağladım. Digərinin adını çəkmək istəmirəm.

- Həmin komanda paytaxtı təmsil edirdi?
- Bəli.

- Bəlkə hücumçu axtaran “Bakı” imiş…
- (gülür) Onu deyə bilərəm ki, “Xəzər Lənkəran” mənə digər klubdan fərqli yaxşı müqavilə şərtləri təklif etdi. Bu üzdən bu klubun təklifinə “hə” dedim.

- “Xəzər Lənkəran” azarkeşləri ölkəmizdə çılğınlığı ilə seçilir. Avroliqada vurduğunuz qollarla onları sevindirəcəyinizə söz verirsiz?
- Neçə qol vuracağımı dəqiq deyə bilmərəm. Ancaq mən hər gün öz üzərimdə çalışıram. Bu çalışmamın da nəticəsini oyunda görəcəksiniz. Növbəti mövsüm azarkeşlər məndən yaxşı oyun gözləsinlər. Ən azından AZAL-da sərgilədiyim futbolu orda da göstərməyə çalışacam.

Səbuhi TOFİQOĞLU
0