Rəşad Sadıqov: İstanbulda mənə söz veriblər ki…
21.05.2013 - 13:07
Rəşad Sadıqov: İstanbulda mənə söz veriblər ki…
“Müalicəmi davam etdirmək üçün İstanbula gəlmişəm. Bakıda olmadığımdan çempionatımızın mükafatlandırılma mərasimində iştirak edə bilmədim. İnşallah, gümüş medalımı Bakıya qayıdanda alacağam”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib. Milli komandamızın da kapitanı olan 31 yaşlı müdafiəçi Topaz Premyer Liqasının son turunda “Simurq”la matçda meydana çıxmayaraq, müalicəsi ilə məşğuldur.

Bu məqsədlə ona yaxşı tanış olan Türkiyəyə yollanan Sadıqov millimizin oyunlarına qədər tam sağalmağa çalışır: “Bildiyiniz kimi, zədəm əməliyyat olunduğum yerdəndir, əzələ dartılması var. İstanbulda gündə 2 dəfə müalicə olunuram. Elə hazırda həkim yanına gedirəm. Həkimlər 100 faiz zəmanət verməsələr də, mənə söz veriblər ki, Lüksemburqla matça qədər sağala biləcəyəm. Dediklərinə görə, 10 günə hazır olacağam”.

Millimiz 2014-cü il dünya çempionatının seçmə mərhələsində iyunun 7-ə Lüksemburq yığması ilə Bakıdakı oyuna qədər mayın 29-da Qətərdə yoldaşlıq görüşü keçirəcək. Rəşadın sözlərinə görə, bu matçda oynamasa da, Dohaya yollanmağı nəzərdə tutulub: “Qətərə böyük ehtimalla elə burdan - İstanbuldan gedəcəyəm. Lüksemburqla matça qədər millinin düşərgəsində olmaq istəyirəm. Oyuna qədər heç olmasa 4-5 gün məşq etməyim lazımdır. Hər halda, müalicəm bitəndən sonra birdən-birə meydana çıxmağım riskli olduğundan, oyun öncəsi hazırlıq keçməliyəm”.

Qeyd edək ki, millimiz mayın 25-də Bakıda bir araya gələrək, 26-na keçən gecə Qətərə yollanacaq.

Mehman SÜLEYMANOV