“Həm Raaba, həm də yerli məşqçilərə qeyri-rəsmi təklifimiz olub”
21.05.2013 - 15:26
“Həm Raaba, həm də yerli məşqçilərə qeyri-rəsmi təklifimiz olub”
“Baş məşqçi ilə bağlı fikrimiz belədir ki, bu, ya yerli mütəxəssis olacaq, ya da Bernhard Raabla yolumuzu davam edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib. Premyer Liqamızda hər 2 mövsümünü almaniyalı baş məşqçi Bernhard Raabın rəhbərliyi altında keçirən sumqayıtlılar bu dəfə çempionatı 10-cu yerdə başa vurub.

Quliyevin sözlərinə görə, Raabı digər əcnəbi mütəxəssislə əvəzləməyi planlaşdırmırlar. Ancaq “Sumqayıt” hələ ki ölkəmizdə olan 46 yaşlı çalışdırıcısı ilə bağlı da yekun qərarı verməyib: “Raab müqavilə ilə iyunun 30-a kimi baş məşqçimizdir. O, hələ ki burdadır, vətəninə yollanmayıb. Komandamızın 2 həlledici oyunda - “Rəvan” və “Xəzər Lənkəran” üzərində vacib qələbə qazanıb, Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirməyində baş məşqçimizin böyük rolu olub. Ancaq biz 2 oyunu götürməyib, ümumi mövsümə qiymət veririk. Buna əsasən Raabla əməkdaşlığımızı davam etdirmək fikrimiz var. Onun klubumuz, yaxında açacağımız Akademiyamızla bağlı məsləhətlərindən faydalanmaq istərdik. Almaniyalının postunda qalmaq istəyində olub-olmamağını özündən soruşa bilərsiniz”.

Klub prezident baş məşqçi postuna namizəd olan yerli mütəxəssislərin adlarını çəkməyi məqsədəuyğun saymayıb: “Rəsmi təklif, danışıqlar olmamız bunu etməyi düzgün saymıram. Ancaq onu deyə bilərəm ki, həm Raaba, həm də yerli məşqçilərə qeyri-rəsmi təkliflərimiz, danışıqlarımız olub. Çempionat yenicə, dünən bitib. Hələ vaxtımız var. Hesab edirəm ki, bu ayın sonuna kimi baş məşqçi məsələmizə aydınlıq gətirəcəyik”.

Mehman SÜLEYMANOV