“Bakı”nın növbəti səhvi: Artıq neçənci dəfə...
21.05.2013 - 21:40
“Bakı”nın növbəti səhvi: Artıq neçənci dəfə...
"Bakı" yenə səhv seçim edir. Bu komandaya son uğursuzluqlar da dərs olmayıb. Yenə eyni addımlar, eyni yanlışlıqlar.

Pişik asqırmasa, Əfran İsmayılovu növbəti mövsümdə zolaqlı formada görəcəyik. Cari çempionat bitməsə də, artıq "Qarabağ"ın yarımmüdafiəçisinin paytaxt klubunda oynayacağı demək olar, dəqiqləşib. Düzdü, ortada rəsmi bir şey yoxdu. Ancaq transfer xəbərləri həmişə belə başlayır: öncə şayiə yayılır, sonra reallaşır.

"Bakı" imkanına və şəraitinə görə ölkənin ən yaxşı 3 klubundan biridi. Komandanın idarə olunması baxımından isə eyni sözləri deyə bilməyəcəyik. "Zolaqlılar" sanki özü öz qəsdinə durub. Burada dünyanın istənilən yerindən istənilən səviyyədə futbolçu tapmaq olar. Gəl ki, Hafiz və Zeynal Məmmədovların etibarından sui-istifadə edən bəziləri "Bakı"nı ayaqda saxlaya biləcək iş görə bilmirlər. Gah nisbətən uğurlu məşqçilər lazımsız zamanda istefaya göndərilir, gah iş bacarmayanlara layiq olmadığı güvən göstərilir. Hələ bu, harasıdı?

Komandaya elə futbolçuları götürürlər ki, o, hətta "Turan"ı, "Kəpəz"i belə gücləndirə bilməz. Bəzən də komanda üçün faydalı olan, ancaq başqa amillərdən kölgədə qalan oyunçulardan qəfil imtina olunur.

"Bakı" səhv seçim edir. Adı "zolaqlılar"la yanaşı çəkilən oyunçuların siyahısına baxanda buna bir daha əmin oluruq. Əfran İsmayılovla Rəşad Abdullayevin adını çəkmək kifayətdi. Biri yığmada heç cür sözünü deyə bilməyən, digər milliyə yaxın düşə bilməyən oyunçudu.

Əfran hələ ötən mövsümün sonundan sönüb. Ulduzu parlayan istedadlı oyunçu bir anda özünü dünyanın ən yaxşısı hesab etməyə başladı, bu yükü qaldıra bilmədi və ağırlığın altında əzildi. Ondan sonra bacarığından daha çox pula layiq olduğunu düşünməsi axırına çıxdı. Əslində, Əfranın karyerası qışda "Neftçi"nin qapısından dönərkən söndü. Əvvəl klubunu dəyişməyə, sonra mətbuatın "pul üçün gedir" qınağından sarsılaraq "Qarabağ"a dönən futbolçu ağdamlıların düşərgəsində də gözü başqasının cibində ola-ola daha yarım mövsümü yola verir. İndi İsmayılov hər nə qədər pulu yox, perspektivi düşündüyünü iddia etsə də, fakt ortadadı. İddialıdırsa, "Qarabağ" son mövsümlərdə "Bakı"dan bir baş üstün olur. Lap elə ağdamlılar həqiqətən "zolaqlılar"dan daha perspektivdisə, Əfran bunu başqa yerdə - yığmada sübut etməlidi. Göstərməlidi ki, mən yığmanın liderlərindənəm, amma "Qarabağ" iddiama uyğun gəlmir. Ancaq belə deyil axı. Əfran bu gün nə ətdi, nə balıq. İnanın ki, o, həqiqətən taleyin bəxş etdiyi istedadın qayğısına qala bilsəydi, Qurban Qurbanov yeni müqaviləyə imza atan futbolçular sırasına onun da adını salardı.

"Bakı"nın Rəşad Abdullayev seçimi də oxşardı. "Xəzər Lənkəran"da, "Neftçi"də uğurlar qazanmış bu yarımmüdafiəçi faktiki heç vaxt komandasının lideri olmayıb. O, həqiqətən çox tələb olunan futbolçu idisə, "Qəbələ"ni arxasınca daşıyardı. Amma əyalət klubunun cari mövsümkü uğursuzluğunda pay sahiblərindən bir olan Rəşad açıq-aşkar rahatlığa qaçır. Rayon yerində oynamağın çətinliyini paytaxtda lüks şəraitdə pul qazanmağa dəyişir. Abdullayev bu gün yalnız yerli oyunçu qıtlığından əziyyət çəkildiyi üçün tələb olunanlar sırasındadı.

Ümumiyyətlə, Əfranla Rəşadın ikisinin də birdən "Bakı"nın gündəminə düşməsi anormallıqdı. Çünki hər iki yarımmüdafiəçi məhz sağ cinah oyunçusudu. Bu isə onu deməyə əsas verir ki, onlardan biri ehtiyatda qalacaq və ya digər mövqeyə yamaq edilib həm özünü, həm də başqa birini yandıracaq.

"Bakı" yenə səhv seçim edir. Vaxtilə istedadlı qapıçı olan, indi isə yalnız qoluna yox, dilinə güc verən, yığmada rəqabətsizlik üzündən əsas qapıçı olan Kamran Ağayevi daha layiqli Edin Nuredinoskinin önünə keçirən, çempionatda son turlara kimi qol vura bilməyən, mövsümdə qol hesabını yeni açan Rauf Əliyevə sonsuz güvənən "zolaqlılar" bunun acısını çəkəcək. Həmin Kamranın Lənkəranda nə hoqqalardan çıxdığını hamımız görmüşük, Raufu isə futbolçu kimi bitdiyini qışda Qurban Qurbanov hamıdan tez anladı. İndi də Rəşad, Əfran, ola bilsin daha neçə-neçə yalnız pulu, rahatlığı düşünən tükənmiş yerlilər...

Əvəzində "Bakı" 10-15 lazımsız əcnəbinin əvəzinə 3-4 səviyyəli legioner almalı, heyəti özünün yetişdirdiyi istedadlı gənclərlə gücləndirməlidi. Belə olmayacaqsa, əvəzedici heyətdə çempion olan uşaqlar kimin üçün yetişdirilir, Nurlan Novruzov, Şəhriyar Əliyev, Valeh Seyidov, nə bilim daha neçə-neçə istedadlı futbolçular harada oynayacaq?

"Bakı" yenə səhv seçim edir. Artıq neçənci dəfə...
0