Viktor İqbekoyi: Onun gedişinə sevindim - MÜSAHİBƏ
21.05.2013 - 23:05
Viktor İqbekoyi: Onun gedişinə sevindim - MÜSAHİBƏ
AZAL-ın nigeriyalı dayaq yarımmüdafiəçisi Viktor İqbekoyinin apasport.az saytına müsahibəsi

- “Kəpəz”i çempionatda 4-cü dəfə məğlub etdiniz. Dubl etdiyiniz oyunla bağlı fikirlərinizi qısa da olsa bilmək istərdik...
- Biz bu oyunda finişə qalib kimi çıxmaq istəyirdik. Fikrimcə, yaxşı oyun oldu. Qol vurduq. İstədiyimizə nail olduq. Bu komandadan isə 12 xal topladıq.

- Qalib gəlsəniz də, oyuna motivasiya olmadan çıxmışdız. Ümumiyyətlə, AZAL-ın ikinci “altılıq”dakı oyunları formal xarakter daşıyırdı. Bu şəraitdə qələbə qazanmağı necə bacarırdız?
- Düzdür, heç bir motivasiya qalmamışdı. Ancaq biz zirvədə qərarlaşmaq üçün oynayırdıq. Yalnız bunu düşünürdük. Qələbə qazanmaq həmişə yaxşıdır.

- AZAL-da qalacaqsınız, yoxsa...?
- (gülür) Mənim müqaviləmin müddəti AZAL ilə başa çatıb. Ancaq bilmirəm ki, burda karyeramı davam etdirəcəm, ya yox. Özüm burda qalmaq istəyirəm. Çünki uzun müddətdir bu klubda çıxış edirəm və futbolçulara, kollektivə çox öyrəşmişəm. Hər şeyə klub rəhbərliyi ilə danışıqlardan sonra aydınlıq gələcək.

- Sizdən fərqli, AZAL-ın bombardiri Junior Nildo “Xəzər Lənkəran”a keçdi. Bunu necə qarşıladınız?
- Sözün açığı, bunu ilk dəfə sizdən “facebook” vasitəsilə eşitmişdim. Onda buna inanmamışdım. Ancaq saytınızda Nildonun “Xəzər Lənkəran” formasında şəklini görəndən sonra buna şübhəm qalmadı. Bir tərəfdən təəssüfləndim ki, gözəl komanda yoldaşım, əsas qoleadorumuz bizdən ayrıldı. Ancaq digər tərəfdən onun karyerası baxımından Nildonun gedişinə sevindim. Çünki o bizdən fərqli, Avroliqada çıxış edəcək.

- Özünüz nigeriyalı olsanız da, Syerra-Leone yığmasına çağırıla bilərsiz. Siz hara, həmin yığma hara?
- Bilirsiniz, mənim bu ölkədən xoşum gəlir. Mənim babam Syerra-Leonedəndir. Nigeriya yığmasına düşməyim mümkünsüz olduğundan, bu ölkənin vətəndaşlığını qəbul etmişdim. Sonradan Syerra-Leone Futbol Assosiasiyasından mənə dəvət gəldi. Bu dəvətin gəlməsində “Bakı”da oynamış İbrahim Karqbonun rolu da oldu. Ancaq zədəmə görə hələ millidə debüt etməmişəm.

- Ancaq indi zədəli deyilsiniz. Karqbo, Samuel Barlay və Julius Vobaya Tunis və Kabo-Verde ilə seçmə qrup oyunlarına görə yeni baş məşqçi tərəfindən dəvət gəlib. Bəs niyə siz kənarda qaldınız?
- Bunun səbəbini bilmirəm. Bu, futboldur. Məşqçilər dəyişir. Əvvəlki məşqçi məni istəyirsə, yenisi istəməyə bilər. Çünki mən heç vaxt milli komanda formasını geyinməmişəm. Dəvət almışam, ancaq debüt edə bilməmişəm. Bəlkə də bu üzdən mənə inam azdır. Mən hələ vaxtımı gözləyirəm. Mənə də nə vaxtsa növbə çatacağına inamım var.

Səbuhi TOFİQOĞLU