“Sözümdən qaçmıram, günahımı yumağa hazıram”
23.05.2013 - 11:10
“Sözümdən qaçmıram, günahımı yumağa hazıram”
“Turan”la birgə I divizionda işləmək istəyirəm. Mən sözümdən qaçmıram. Komanda I diviziona düşübsə, nəyin bahasına olursa-olsun günahımı yumağa hazıram. Ancaq bunun üçün müəyyən şərait yaradılmalıdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib.

Topaz Premyer Liqasında 11-ci yeri tutub, 21 illik tarixində ilk dəfə I diviziona düşən komandanın çalışdırıcısının müqaviləsi bitib.

“Deyilənə görə, 1 həftəyə müəyyən şeylərə aydınlıq gəlməlidir. Görək, komandanın aqibəti necə olacaq, sponsoruna qovuşub, maddi durumu qaydasına düşəcəkmi? Mən oldum-olmadım, “Turan”da işlər qaydasında getməlidi. Nə qədər demək olar ki, klub 2004-cü ildən bu yana maddi çətinliklər, süründürməçilik içərisindədir. “Turan” bu zülmdən birdəfəlik qurtarmalıdı” – deyə, Talıbov bildirib.

Baş məşqçi “Turan”ın dağılacağını real saymır: “Sponsor məsələsində bir qədər gözləmə mövqeyi tutmalıyıq. Ümid edirəm ki, rayon rəhbərliyi, sərmayə qoyanlar öz dəstəklərini göstərəcəklər. Biz də imkanlarımız daxilində müəyyən insanları I divizionda sponsorluğa cəlb edə bilərik”.

Talıbov futbolçulardan Salif Ballo, İrakli Beraya, Ender Günlü, Mikayıl Rəhimov, Murad Ağakişiyevin müqavilələrinin bitdiyini deyib: “Onlarla anlaşmanın artırılmağını istərdik. Ancaq həmin futbolçular sərbəst olduqlarından, istənilən kluba keçə bilərlər. Ancaq bu, o demək deyil ki, “Turan”da bütün futbolçuların müqaviləsi bitib. Klubla anlaşması olanlar arasında yerlilər də var, əcnəbilər də. Bəzi futbolçular isə “Turan”da icarədədir”.

Mehman SÜLEYMANOV