İlk qələbəsini millimiz üzərində qazandılar
23.05.2013 - 16:55
İlk qələbəsini millimiz üzərində qazandılar
Mayın 17-dən Bolqarıstanın Sliven şəhərində toplanışda olan 16 yaşınadək futbolçulardan ibarət millimiz yerli yığmanın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 2 yoxlama oyunu keçirən Aslan Kərimovun yetirmələri əvvəlcə “Sliven”dən olan həmyaşıdlarına qalib gəliblər – 6:1.

Dünən isə komandamız Bolqarıstan U-15-i ilə gücünü sınayıb. “Haci Dimitar” stadionunda baş tutan qarşılaşma bolqarların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu yenilgi millimizin yerli komandanın tarixinə düşməsinə səbəb olub. Belə ki, Bolqarıstanda yenicə yaradılmış U-15 ilk beynəlxalq qələbəsini məhz millimiz üzərində qazanıb.

Qeyd edək ki, U-16-nın Bolqarıstan U-15-i ilə cavab görüşü sabah baş tutacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.