AFFA-nın məsuliyyəti artdı
24.05.2013 - 13:20
AFFA-nın məsuliyyəti artdı
Azərbaycanda hər hansı mötəbər beynəlxalq yarışın keçirilməsi ilə bağlı xəbərlərlə artıq kimisə təəccübləndirmək mümkün deyil. İdmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatları, Olimpiya lisenziyalı yarışlar, digər beynəlxalq turnirlər ölkəmizdə mütəmadi olaraq yüksək səviyyədə təşkil edilir.

Sözsüz ki, beynəlxalq idman qurumlarının Azərbaycana belə böyük etimad göstərməsi təsadüfi deyil. Ölkəmizdə idmana dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Dövlət başçısı İlham Əliyev Bakıda təşkil olunan bir çox beynəlxalq turnirlərin açılış və bağlanış mərasimlərində iştirak edir.

Nəinki Azərbaycanda, ümumilikdə regionda ən uzunmüddətli FİFA turniri 2012-ci ildə ölkəmizdə təşkil olundu. Ötən il keçirilmiş FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012, FİFA prezidenti Yozef Blatterin təbirincə desək, "indiyədək təşkil olunmuş ən yaxşı FİFA turnirlərindən biri" kimi tarixə düşdü. Çempionatın açılış mərasimində prezident İlham Əliyev və Yozef Blatter iştirak etdilər.

Hələ çempionatın başlanmasından xeyli əvvəl, FİFA İcraiyyə Komitəsinin mundialın Azərbaycanda təşkili ilə bağlı çıxardığı qərardan bir müddət sonra dövlət başçısı dünya çempionatının yüksək səviyyədə keçirilməsi ilə bağlı sərəncam imzalamış və bununla da, ölkəmizdə idmanın hər zaman diqqət mərkəzində olduğu bir daha öz təsdiqini tapmışdı.

Dövlət başçısı UEFA prezidenti Mişel Platini ilə birgə mundialın final oyununu da izləyərək, mükafatlandırma mərasimində iştirak etdi.

Bu il Azərbaycanda daha bir beynəlxalq futbol turniri - hərbçilərin I dünya çempionatı keçiriləcək. Bundan əlavə, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, 2016-cı ildə ölkəmizdə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi təşkil olunacaq. Sözsüz ki, bu yarışların təşkili ölkəmizin beynəlxalq nüfuzunun artmasına səbəb olduğu kimi, lazımi təcrübənin qazanılmasına da öz töhfəsini verir.

Prezident İlham Əliyev bugünlərdə futbol ictimaiyyətini sevindirən daha bir sərəncam imzaladı. Sərəncama əsasən, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb və müvafiq sənədlərin hazırlanması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) tapşırılıb.

Futbolla yaxından maraqlananların məlumatı var ki, Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar UEFA turnirin təşkili qaydalarında müəyyən dəyişikliklər edib. Başqa sözlə, Avropa çempionatının oyunları bir və ya iki ölkənin ərazisində deyil, "Köhnə dünya"da yerləşən ayrı-ayrı ölkələrin 13 müxtəlif şəhərində keçiriləcək. Paytaxtımızın bu şəhərlərdən biri kimi namizəd göstərilməsi nə dərəcədə qürurvericidirsə, dövlət səviyyəsində bu məsələyə dəstək verilməsi bir o qədər sevindiricidir.

Təbii ki, qitə miqyaslı turnirin oyunlarının təşkili üçün iddianın irəli sürülməsi təsadüfi deyil. Son illər paytaxt Bakıda, eləcə də respublikamızın müxtəlif bölgələrində Olimpiya İdman Kompleksləri, yeni stadionlar və digər idman qurğuları inşa olunur. Bakıda nəhəng infrastruktur layihələri həyata keçirilir. Tofiq Bəhramov adına Respublika stadionu əsaslı təmir olunub, AFFA tərəfindən qısa müddət ərzində bir neçə müasir standartlara cavab verən stadion tikilib.

Hazırda 65 min azarkeş tutumuna malik olacaq Olimpiya stadionunun inşası davam edir.

Qeyd edək ki, bu stadionun təməlqoyma mərasimi ölkə başçısı İlham Əliyev, Yozef Blatter və Mişel Plarininin iştirakı ilə keçirilib. Təkcə idman infrastrukturunun inkişafı ilə deyil, yeni yolların, körpülərin, yol qovşaqlarının, otellərin və s. inşa tempinə görə Bakı hazırda dünyanın ən qabaqcıl şəhərləri ilə rəqabət apara biləcək səviyyəyə çatıb. Bütün bunlar paytaxtımızın istənilən beynəlxalq yarışa ev sahibliyi etməsi üçün zəmin yaradır.

Ölkəmizdə idmana, xüsusilə də futbola dövlətin göstərdiyi diqqət və qayğını, ölkəmizin bütün sahələrdə inkişafını, indiyə qədər Azərbaycanda bütün beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu nəzərə alaraq, AVRO-2020 ilə bağlı AFFA-nın üzərinə mühüm işlər düşür. Bu sahədə təşkilati işlərlə bağlı müəyyən təcrübəsi olan futbol qurumu dövlətin dəstəyinə arxalanmaqla, üzərinə düşən məsuliyyət hissini də unutmamalıdır.