“Xəzər Lənkəran” istədi, İspaniya komandası ilə anlaşdı
24.05.2013 - 16:16
“Xəzər Lənkəran” istədi, İspaniya komandası ilə anlaşdı
Yuri de Souza Fonseka karyerasını ölkəmizdə davam etdirə bilərmiş. Apasport.az saytının etibarlı mənbədən əldə etdiyi məlumata görə, braziliyalı hücumçunu klublarımızdan biri istəyirmiş.

Qısaca Yuri kimi tanınan 30 yaşlı futbolçu hazırda İspaniya Sequnda klublarından olan “Ponferradina”da oynayır. Cari mövsüm 35 oyuna 18 qol vuran forvarda həmin klubumuz 2 illik müqavilə və ilinə 400 min dollar təklif edib.

Con Toşak Uelslə yanaşı, İspaniya vətəndaşı da olduğu üçün ilk növbədə ağıla Yurini istəyən klub kimi “Xəzər Lənkəran” gəlir. Əldə etdiyimiz xəbərə görə, bu futbolçu cənub təmsilçisinin maraq dairəsində olsa da, La Liqaya vəsiqə qazanmış “Elçe” ilə anlaşdığı üçün sonda keçid baş tutmayıb.

Qeyd edək ki, Portuqaliya vətəndaşı da olan Yuri bu ölkədə “Maya”, “Boavişta”, “Jil Visente” və “Eştoril-Praya” klublarının da şərəfini qoruyub. O, İspaniyanın aşağı dəstəsində isə “Ponferradina”dan başqa, “Pontevedra” və “Las Palmas”da çıxış edib.
0