Mahir Şükürov: Karyeramı “Neftçi”də başa vurmaq istəyirəm - MÜSAHİBƏ
24.05.2013 - 23:02
Mahir Şükürov: Karyeramı “Neftçi”də başa vurmaq istəyirəm - MÜSAHİBƏ
“Neftçi”nin müdafiəçisi Mahir Şükürovun apasport.z saytına müsahibəsi

- Yeni müqavilə imzaladınız. Başqa təkliflər var idi?
- Təkliflər var idi. Hamı bilir ki, ölkənin ən köklü klubu “Neftçi”dir. Azərbaycanda bir nömrəli komandanı qoyub hara gedirəm? Həm də elə yaş dövrüm deyil ki, hər il bir komanda dəyişim.

- Bəs müqavilənizin bir il illik olmasını özünüz istədiniz, yoxsa klub?
- Bizdə müqavilənin müddəti yoxdur. Daha doğrusu, konkret rəqəm yazılmayıb. Açıqdır. Burda oynamaq, karyeramı “Neftçi”də başa vurmaq istəyirəm.

- Qarşıda daha bir çətin oyununuz var. Kubokun finalına hazırlıq necə gedir?
- Ciddi hazırlaşırıq. Məqsədimiz kuboka da sahib çıxmaqdır. Komandada ab-hava yüksəkdir. Hamımız eyni məqsəd uğrunda mübarizə aparırıq. İnşallah, sonda istəyimizə çatacağıq.

- “Xəzər Lənkəran” ikinci “altılıq” mərhələsində çox zəif təsir bağışladı. Ola bilərmi, onlar bununla “Neftçi”ni arxayın salmağa çalışsınlar və bütün güclərini final oyununa saxlasınlar?
- “Neftçi”yə qarşı zəif-güclü fərqi yoxdur, bütün komandalar yüksək əzmkarlıqla mübarizə aparırlar. İstər “Simurq” olsun, istərsə də “Turan”, hamısı “Neftçi”dən xal almağa çalışırdılar. “Xəzər Lənkəran”a gəldikdə, rəqibimizi heç də zəif qiymətləndirmirəm. Maraqlı, gərgin oyun keçəcəyinə inanıram.

- Ötən il “qızıl dubl” etməyə kubokun finalındakı məğlubiyyət imkan vermədi. Cari mövsümlə bağlı proqnozunuz necədir? “Neftçi” məqsədinə nail ola biləcəkmi?
- Keçən il “Bakı”ya məğlubiyyət buna imkan vermədi. Ancaq ötən illə müqayisədə heyət çox güclənib. Bu heyətlə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq, çempion olduq. Buna görə də finalda qələbə qazanacağımıza inanıram.

- Klub rəhbərliyi futbolçuları stimullaşdırmaq üçün mükafat fondu ayırıb?
- Mükafatın ayrılıb-ayrılmaması bizim üçün maraqlı deyil. Vacib olan kuboku qazanmaqdır. Əgər kuboku qazana bilsək, mükafat özü gələcək.

- Klub yarışlarının ardından yığmanın oyunu var. Qətərə getməsəniz də, bu komanda ilə oyun haqda nə deyə bilərsiniz?
- Düzdür, kubokun finalından sonra biz Bakıda qalacağıq. Yığmaya komanda paytaxta döndükdən sonra qoşulacağıq. Oyuna gəldikdə, çempionat bitdikdən sonra futbolçular istirahətə buraxılmışdılar. Rəsmi oyun öncəsi bu qarşılaşma vacib idi. Seçimin uğurlu olduğunu düşünürəm.

- Lüksemburqla qarşılaşa qrupda bizim üçün vacib oyunlardandır. Necə düşünürsünüz, səfərdə qolsuz heç-heçə etdiyimiz Lüksemburqla Bakıdakı duel necə başa çatacaq?
- Məncə, Lüksemburqu udmağın vaxtıdır. Bizə 3 xal çox vacibdir. Doğma meydanda oynayacağıq. Bu da bizim lehimizədir. Qələbə qazanmaqdan başqa yolumuz yoxdur.

- Oyunun “Bakcell Arena”da keçirilməsi sənin üçün xüsusi əhəmiyyət daşıyırmı?
- Əlbəttə, bu arenaya öyrəşmişəm. “Neftçi” ev oyunlarını “Bakcell Arena”da keçirdiyindən stadion mənim üçün doğmadır. Həm də bu stadionun digərləri ilə müqayisədə üstünlüyü tribunalar meydana yaxın olmasındadır. Belə olan halda azarkeşlərin rəqib komandaya təzyiqi daha effektli olacaq.

- Yığma ilk dəfədir ki, bu stadionda oynayacaq. Azarkeşlərin tribunaları dolduracağına inanırsızmı?
- Yığmanın oyunlarına azarkeş marağı hər zaman olub. Onlar stadiona gəlsinlər, bizi dəstəkləsinlər. Biz də öz növbəmizdə oyunumuzla və qazanacağımız qələbə ilə onları sevindirəm. Fikrimcə, azarkeşlər stadionu dolduracaqlar.
0