“Hamı “Neftçi”ni yaxşı tanıyır” – MÜSAHİBƏ
27.05.2013 - 13:45
“Hamı “Neftçi”ni yaxşı tanıyır” – MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

- 2006-cı ildən şərəfini qoruduğunuz komandanın heyətində Azərbaycan kubokunda növbəti final matçına çıxacaqsınız. Kapitan bu həlledici oyundan nə gözləyir?
- Bu, mənim 5-ci finalım olacaq. 4 finaldan üçünü qazanmışam. Komandamız sabahkı həlledici matça yaxşı hazırlaşıb. İnşallah, “Neftçi”yə qalib gəlməyə çalışacağıq.

- “Neftçi” ilə “Böyük oyun”larınız çox olsa da, ilk dəfə finalda qarşılaşacaqsınız. Bu, nəyisə dəyişir?
- Yox. Bunun mənim üçün belə bir fərqi yoxdur.

- Hər halda, prinsipial rəqibi finalda yenmək sizin üçün daha önəmli qələbə sayılar...
- Mənim üçün əsas odur kuboku qazanaq. Finalda “Neftçi”yə və ya başqa komandaya qalib gəlməyin fərqi yoxdu.

- Bu, sizə eyni zamanda uğursuz mövsümü sığortalamaq baxımdan vacibdir...
- Bəli, bu mövsüm çempionat bizdə alınmadı. İnşallah, kuboku qazanıb bütün uğursuzluqları unutdurmalıyıq.

- Siz ikinci “altılıq”da zəif rəqiblərlə oynayıb, az qələbə qazandınız. Ancaq ardıcıl 3-cü il çempion olan “Neftçi” hazırda yüksəlişdədir. Bu, nəticəyə öz təsirini göstərə bilərmi?
- Final 1 matçdan ibarətdir. Komandanı 1 oyuna kökləmək çətin deyil. Meydana çıxıb, qələbə üçün oynayacağıq. Demək olmaz ki, “Neftçi” favoritdir. Şanslar 50-nin 50-dir.

- Baş məşqçiniz Con Toşak mətbuat konfransında “futbolçularımız “Neftçi”ni məndən yaxşı tanıyır” deyib. Hər halda, bu komanda ilə ilk dəfə üzləşəcək. Maraqlıdır, “Xəzər Lənkəran”ın futbolçuları “Neftçi”ni necə tanıyır?
- “Neftçi” ilə çox oynamışıq. Bu komandanı tək biz yox, hamı yaxşı tanıyır. “Neftçi” güclü komandadır. Ancaq biz də zəif deyilik. Mən onları finalda favorit saymıram. Hər iki komandanın şansı eynidir.

- “Neftçi”də fərdi oyun keyfiyyətləri ilə seçilən futbolçular, legionerlər çoxdur. Bunlardan Julius Vobay keçmiş komanda yoldaşınızdır, Nikolas Kanales çempionatın bombardiri oldu. Onların qarşısını necə ala bilərsiniz?
- “Xəzər Lənkəran”da da yaxşı oyunçular var. Bu üzdən finalın iştirakçılarının şanslarını bərabər hesab edirəm.

- Növbəti mövsümə “Neftçi” ilə Superkubok oyunu ilə başlayacaqsınız. Üstəlik, Avroliqada sınağınız olacaq. Toşakla növbəti mövsümdən nə gözləyirsiniz?
- Biz bütün oyunlara yalnız qələbə üçün çıxırıq. “Neftçi” ilə kubokun finalı və Superkubok matçında da məqsədimiz qələbə olacaq. Bildiyiniz kimi, gələn il “Xəzər Lənkəran”ın 10 illik yubileyidir. İstəyirik “qızıl dubl” edək. Növbəti mövsümdə çempionluqla kubokun hər ikisini qazanmağı qarşımıza məqsəd qoymuşuq. Komandamızı çalışdırmağa səviyyəli məşqçi gəlib.

- Ötən il Avroliqanın II təsnifat mərhələsində “Lex”lə cavab oyununda aldığınız qırmızı vərəqəyə görə bu il ilk matçı buraxmalı olacaqsınız. Buna görə ruh düşkünlüyü var?
- Bir az var. Ancaq nə edəsən...

- Sizcə, yeniləşəcək komandanız qısa müddətdə Avropa Liqasına hazır ola biləcək?
- Bunu baş məşqçimiz daha yaxşı bilir. Yəqin ki, hazır olarıq. Mən buna inanıram.

- Hazırda Azərbaycanda 1 klubun heyətində ən çox oyun keçirən futbolçusunuz. “Xəzər Lənkəran”da şəxsi göstəricilərlə bağlı hədəfiniz nədir: neçə oyuna çatmaq, nə qədər mükafatlar qazanmaq?
- Mən burda xoşbəxtəm. Artıq 7 ildir “Xəzər Lənkəran”da oynayıram. Məni komandada sevirlər. Komandamı dəyişmək fikrim yoxdur. İstəyirəm ki, karyeramı “Xəzər Lənkəran”da başa vurum.

Mehman SÜLEYMANOV
0