Millimizin oyununa təyinat olan Vahid Tamuni kimdir?
27.05.2013 - 16:11
Millimizin oyununa təyinat olan Vahid Tamuni kimdir?
Millimizin mayın 29-da Qətərlə yoldaşlıq oyununu idarə edəcək Vahid Tamuninin kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, liviyalı referi 1974-cü ilin mayın 29-da doğulub.

Bu isə o deməkdir ki, afrikalı fit sahibi 39 yaşını məhz millimizin Qətərlə oynayacağı “Əl-Sədd” stadionunda qeyd edəcək. 1999-cu ildən FİFA referisi adını daşısa da, onu beynəlxalq oyun praktikasına əsasən təcrübəli hesab etmək olmaz. Çünki Tamuni indiyə kimi cəmi 9 beynəlxalq səviyyəli görüşdə baş hakim funksiyasını daşıyıb. Millimizin oyunu bu baxımdan onun üçün yubiley - 10-cu qarşılaşma olacaq.

Ona ilk təyinat 2003-cü ildə gəlib. Həmin vaxt DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Sudan – Eritreya görüşünü (3:0) idarə edən Tamuni ilk görüşündə qonaqları azlıqda qoymaqla bərabər, onların qapısına penalti təyin edib. Bundan başqa, əsas yığma komandalar səviyyəsində Qana – Kabo-Verde, Mərakeş – Keniya və Mərakeş – Tunis görüşlərində də ədalət təmsilçisi olub. Bu baxımdan da millimizin oyunu onun 5-ci “yığma görüşü” sayılacaq. Fərq burasındadır ki, referi ilk dəfə Afrika yox, Asiya və Avropa qitəsini təmsil edən yığmaların görüşündə olacaq.

Qeyd edək ki, millimizin Qətərlə görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.